Zəhmətkeş xalqa yeni bir zərbə- İctimai nəqliyyat qiymətlərinə 33% artış!

Zəhmətkeş xalqa yeni bir zərbə- İctimai nəqliyyat qiymətlərinə 33% artış!

2-ci Qarabağ Müharibəsinin nəticələri Azərbaycan zəhmətkeşləri üçün ağır oldu. Yaşanan iqtisadi böhranlar, boğulan fundamental insan hüquqları, yeni müqəddəs torpaq axtarışları və baş verən qazi intiharları buna əsaslı sübutlardır. Hökümət ən yüksək siyasi mövqelərdən hələ də dəbdəbəli ibarələrlə bəzədiyi nitqində bizə özünə yarayan bir "həqiqəti" diktə edir: "Biz müharibədən çıxmışıq, biz yeni müharibəyə hazırlaşırıq."

Budur, biz yenidən o nitqləri eşidirik. Bugün Azərbaycan hökuməti yeni müqəddəs torpaq axtarışı ilə bayrağı Təbrizə sancıb. Yeni bir xarici düşmən ərsəyə gətirməyə çalışır. Yeni xarici düşmənler bir əsas səbəbdən ötrü doğulur.

İqtisadi uğursuzluqları gizlətmək üçün məhz Azərbaycanda bugün yeni xarici düşmən- İran İslam Respublikası bu amal uğrunda yaradılır.

Az əvvəl qeyd etdiyimiz kimi bizə hökumətin ən yüksək pozisiyalarından dəbdəbəli ibarələrlə bəzənmiş formada yeridilən "müharibədən çıxmışıq, yeni müharibəyə hazırlaşırıq" fikri bir neçə saat əvvəl bütün ölkədə əks səda verdi: ictimai nəqliyyatda qiymətlər 33% qalxdı. Həmçinin bəzi dərman preparatlarında kəskin qiymət artımı oldu. Minimal aylıq əmək haqqının 15% artdığını nəzərə aldığımızda, nəqliyyat qiymətlərindəki 33%-lik artımın hansı səviyyədə əhaliyə təsir edəcəyini təxmin etmək olar. Üstəlik, ölkə ərazisində inflyasiyanın 13.9% (qeyri-rəsmi rəqəmlərə görə isə 40%) olduğunu da unutmamaq lazımdır. Bu şəraitdə, artırılan əmək haqqının əriyəcək və bahalılıq qarşısında əhali silahsız qalacaq.

Bəli, bu qiymət artımları hökumətin dəbdəbəli ibarələrlə bəzənmiş məşhur nitqinin əks sədasıdır.

Biz "İnqilabın Səsi" olaraq, yalnız yuxarı siniflərin maraqlarına uyğun formada çalışan yaxud hakim sinifin əmlakını qoruyan dövlətin bütün qərarlarını zəhmətkeşlərə qarşı təhdid hesab edirik. Azərbaycan zəhmətkeşlərini yaranan dözülməz vəziyyət qarşında təşkilatlanmağa səsləyirik.