Mətbuat azadlığı və işçi sinifi- Lev Trotski
Meksikada irticaçı mətbuata qarşı aparılan kampaniya böyüyür. Kampaniya MİK (Meksika İşçilər Konfederasiyası) rəhbərləri, daha dəqiq desək şəxsən cənab Lombardo Toledano tərəfindən idarə olunur. Məqsəd mürtəce mətbuatı ya senzuraya məruz qoyaraq, ya da tamamilə qadağan edərək “cilovlamaqdır”. Həmkarlar ittifaqları da bu mübarizəyə qoşulublar. NKVD-nin “dostları” tərəfindən idarə edilən, tamamilə Stalinləşmiş Moskva ilə əlaqə sayəsində pozulmuş islah olunmaz demokratlar ancaq intihar kimi qəbul edilə biləcək bu kampaniyanı dəstəkləyirlər. Reallıqda bu kampaniya qalib gəldiyi, yaxud Lombardo Toledanonun bəyənəcəyi konkret nəticələr verdiyi halda ağırlığın ən sonda fəhlə sinfinin üzərinə düşəcəyini görmək o qədər çətin deyil.
Tarixi təcrübə ilə bərabər nəzəriyyə də bizə göstərir ki, burjua cəmiyyətində demokratiyaya tətbiq edilən hansısa məhdudiyyət sonda vergilərin fəhlə sinfinin çiyinlərinə düşdüyü kimi fəhlə sinfinə qarşı çevrilir. Burjua demokratiyası proletariat tərəfindən sadəcə sinfi mübarizənin inkişafına yol açdığı qədər istifadə edilə bilər. Bu səbəblə burjua dövlətini ümumiyyətlə ictimai rəyə, xüsusi olaraq da mətbuata nəzarət etmək üçün xüsusi vasitələrlə təmin edən hərhansı fəhlə “lideri” xaindir. Son təhlildə, sinfi mübarizənin vurğulanması burjuaziyanın bütün çalarlarını eyni məqsəd uğrunda birləşməyə vadar edəcək. Onlar, xüsusi qanunvericilik və məhdudlaşdırıcı tədbirlərin bütün növlərini və fəhlə sinfinə qarşı demokratik senzuranı qəbul edəcəklər. Bunu hələ də başa düşməyənlər fəhlə sinfinin sıralarını tərk etməlidirlər.
“Ancaq bəzən – Sovet İttifaqının bəzi dostları etiraz edəcəklər – proletar diktaturası müstəsna tədbirlər almağa borcludur, xüsusən irticaçı mətbuata qarşı”.
Buna bizim cavabımız belədir:
Əvvəla bu etiraz fəhlə dövləti ilə burjua dövlətini eyniləşdirir. Baxmayaraq ki, Meksika yarı-müstəmləkə dövlətdir, qəti şəkildə fəhlə yox, burjua dövlətidir. Hətta proletar diktaturasının maraqları nöqtəsindən baxsaq belə burjuaziya qəzetlərinin qadağan edilməsi, yaxud senzuraya məruz qoyulması ümumiyyətlə nə “proqram” və “prinsip” məsələsi, nə də ideal situasiyadır.
Burjuaziya fəhlə dövlətinə qarşı açıq üsyankar mövqe tutarsa qalib gəlmiş proletariat müəyyən bir dövrdə ona qarşı xüsusi tədbirlər almağa məcbur qala bilər. Bu vəziyyətdə mətbuat azadlığına qoyulan məhdudiyyətlər vətəndaş müharibəsinə hazırlıq dövründə alınan digər tədbirlərlə başabaş gedir. Düşmənə qarşı artilleriya və aviasiyadan istifadə etməyə məcbur qaldığımız vaxtlarda aydındır ki, eyni düşmənin silahlanmış proletariatın daxilində informasiya və təbliğat mərkəzlərini qorumasına dözüm nümayiş etdirməyəcəyik. Buna baxmayaraq, bu vəziyyətdə alınan müstəsna tədbirlər artıq daimi hal alacaq şəklə qədər uzansa nəzarətdən çıxar və siyasi inhisarın işçi bürokratiyasının əlində cəmləşməsinə səbəb olar, işçi hakimiyyətinin degenerasiyasının mənbəyinə çevrilər.
Bundan əvvəl bizim əlimizdə Sovet İttifaqında ifadə və mətbuat azadlığının mənfur şəkildə boğulması ilə belə bir dinamikanın canlı nümunəsi var. Bunun proletar diktaturasının maraqları ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu, yeni təbəqəni (bürokratiyanı) işçi və kəndli müxalifətinin hücumlarına qarşı qorumağa kömək edir. Bu yüksək bonapartist Moskva bürokratiyası hazırda öz şəxsi karyeralarını sosializmin maraqları ilə qarışıq salan Lombardo Toledano və dostları tərəfindən təqlid edilir.
Fəhlə dövlətinin əsas vəzifəsi ictimai rəyə nəzarət etmək yox, onu kapitalın boyunduruğundan xilas etməkdir. Bu isə yalnız istehsal vasitələrini – informasiya istehsalı da daxil olmaqla – bütövlükdə cəmiyyətin öhdəsinə buraxmaqla baş tuta bilər. Sosializmə doğru bu vacib addım atıldıqdan sonra proletariat diktaturasına qarşı silah götürməmiş bütün cərəyanlar öz fikirlərini azad şəkildə ifadə edə bilməlidilər. Onları sayca əhəmiyyətinə görə texniki vasitələrlə, çap maşınları, kağız, nəqliyyat vasitələri ilə təmin etmək proletar diktaturasının vəzifəsidir. Oktyabr inqilabının bütün qazanclarını bir yığın xarabaya çevirən, dövlət maşının degenerasiyaya uğramasının əsas səbəblərindən biri də mətbuatın Stalinist bürokratiya tərəfindən inhisara alınması idi.
Əgər biz Kominternin müxtəlif ölkələrdəki fəhlə hərəkatları üzərindəki alçaqca təsirinin nümunələrini axtarsaydıq, Lombardo Toledanonun rəhbərlik etdiyi hazırki kampaniyanı onların ən pislərindən biri kimi təqdim edərdik. Mahiyyətcə Toledano və onun doktrina yoldaşları proletariat diktaturası altında müəyyən şərtlər daxilində qaçınılmaz ola biləcək metod və vasitələri burjua demokratik sisteminə tətbiq etməyə çalışırlar. Üstəlik reallıqda onlar bu metodları proletar diktaturasından yox, onun bonapartist qəsbkarlarından borc alırlar. Başqa sözlə onlar onsuz da xəstə olan burjua demokratiyasını çökməkdə olan bürokratiya virusu ilə yoluxdururlar.
Meksikanın zəif demokratiyası iki tərəfdən sabit, ölümcül, gündəlik təhlükə ilə üz-üzədir: birincisi xarici imperializm, ikincisi isə ölkə daxilindəki yüksək səviyyədə nəşrlərə nəzarət edən irtica agentləri. Ancaq kor və saflar düşünə bilərdilər ki, irticaçı mətbuatın qadağan edilməsi ilə fəhlələr və kəndlilər mürtəce fikirlərdən azad olacaqlar. Fakt budur ki, sadəcə geniş ifadə azadlığı fəhlə sinfi içərisində inqilabi hərəkatın irəliləyişi üçün əlverişli şəraiti yarada bilər.
Mürtəce mətbuata qarşı mübarizə aparmaq zəruridir. Ancaq fəhlələr öz təşkilatları və mətbuatları vasitəsilə özlərinin yerinə yetirməli olduğu vəzifələri burjua dövlətinin repressiv yumruğunun öhdəsinə buraxa bilməzlər. Bu gün hökümət fəhlə təşkilatlarına qarşı yaxşı niyyətli görünə bilər. Sabah isə o hakimiyyətdən gedə bilər, əslində hakimiyyət qaçınılmaz olaraq burjuaziyanın ən irtica ünsürlərinin əlinə düşəcək. Belə vəziyyətdə mövcud repressiv qanunlar fəhlələrə qarşı istifadə ediləcək. Anın ehtiyacından başqa heç nəyi düşünməyən macərapərəstlər özlərini belə bir təhlükədən mühafizə edə bilməyəcəklər.
Fəhlə mətbuatı üçün burjua mətbuatı ilə mübarizə aparmağın ən təsirli yolu inkişaf etməkdir. Əlbəttə El Popular kimi sarı mətbuat nümunələri belə bir vəzifəni öhdələrinə götürməkdən acizdilər. Belə qəzetlərin fəhlə mətbuatı, inqilabi mətbuat, yaxud hətta yüksək nüfuzlu burjua mətbuatı arasında da yeri yoxdur. El Popular özü də faktiki olaraq stalinist bürokratiyanın qulluğunda olan cənab Toledanonun şəxsi maraqlarına xidmət edir. Onun metodları – yalanlar, böhtanlar, cadugər ovları – Toledanonun metodlarıdır. Onun qəzetinin nə proqramı yoxdur, nə də fikirləri. Aydındır ki, belə bir qəzet haçansa nə fəhlə sinfinin səs-küylə diqqətini çəkə, nə də burjua mətbuatından onları qazana bilər.
Beləliklə biz bu labüd nəticəyə gəlirik ki, burjua mətbuatı ilə mübarizə fəhlə təşkilatlarından degenerasiyaya uğramış rəhbərlərin qovulması, xüsusilə fəhlə mətbuatının Toledano və digər burjua karyeristlərinin himayəsindən xilas edilməsi ilə başlayacaq. Meksika proletariatı ehtiyaclarını ifadə etmək, maraqlarını müdafiə etmək, üfqünü genişləndirmək və Meksikada sosialist inqilabın yolunu açmaq üçün dürüst mətbuata ehtiyac duyur. Bu “Cleve”in etmək istədiyidir. Beləliklə biz Toledanonun bonapartist iddialarına qarşı amansız müharibə elan edirik. Bu yolda biz bütün qabaqcıl fəhlələrin, eləcə də marksistlərin və həqiqi demokratların dəstəyinə ümid edirik.