Xocalı hadisələrinə marksist baxış
Bu gün, Xocalı hadisələrinin üzərindən 31 il keçir. 31 ildir ki, Qafqazın üzərindən müharibə buludları itmir. Xocalı hadisəsi Dağlıq Qarabağ/Artsakh problemi prosessində bir dönüş nöqtəsini ifadə edir. 1988-ci ildən etibarən SSRİ-nin parçalanmağa başlaması SSRİ dövlətlərində “müstəqillik” arzularının qabarmasına səbəb olmuşdur. Tərkib ölkələrdə bu müstəqillik arzusu millətçilik duyğularının da alovlandırılması ilə davam etmişdir. Erməni və Azərbaycanlıların birlikdə yaşadığı region olan D.Qarabağ/Artsakh ərazisi bu millətçilik cəbhələrinin ortaq nöqtələrindən biri idi. Hər iki ölkənin idarəçiləri və millətçilik tendensiyasını kontroluna alan və yeni-yeni ulduzları parlayan siyasətçilər bu torpaqlar üzərində öz idarəetmə hüququnu istəyirdi. Xocalı dönüş nöqtəsiydi; çünki, 92-ci ilə qədər sanki iki düşmən ölkə arasında gerilla müharibəsi gedirdi. Xocalı hadisələrindən sonra isə, iki nizami ordu arasındakı ənənəvi müharibəyə şahid olunmuşdur. Azərbaycanda sosialist mübarizə təşkilatlandıran biz inqilabçı marksistlər üçün Xocalı hadisələri önəmli yer tutur. Təbii ki, bu yazıda Xocalı hadisəsinin bütün detallarını ətraflı şəkildə yazmaq imkansızdır. Sosialistlərin D.Qarabağ/Artsakh probleminə dair düzgün proqramının olması üçün bu məsələnin səbəblərini və həll yollarına toxunmaq lazımdır.
1992-ci fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu keçmiş SSRİ hərbi alaylarının köməyliyi ilə Xocalı ərazisini ələ keçirərək 600-dən çox sivil vətəndaşın ölümünə və 1200-dən çox insanın yaralanmasına səbəb olmuşdu. Bölgədəki tək hava limanına sahib olan Xocalını ələ keçirməklə, Ermənistan ordusu Əsgəran/ Mayraberd və Xankəndi/Stepanakert arasındakı yolu açdı və Şuşa/Şuşi istisna olmaqla bütün D.Qarabağ/Artsakhı öz idarəsi altına almış oldu. Minlərcə insan köç etmək məcburiyyətində qaldı, on minlərcə insan illərcə unudulmayacaq travmalar yaşadı. Əsasən də, qadınların və uşaqların məruz qaldğı təcavüz və başqa iyrənc hadisələr Erməni millətçiliyinin acımasızcasına ifadəsi idi. Bu baxımdan, beynəlmiləlçi inqilabçılar olaraq bizlər Erməni millətçiliyinin ən böyük tənqidçilərindən biri olmalıyıq.
Lakin, Erməni millətçiliyini tənqid atəşinə tutaraq Azərbaycan millətçiliyinə quyruqlanmaq və ya səssiz qalmaq da, həmçinin, biz beynəlmiləlçi inqilabçıların işi ola bilməz. Hər xalqın əsas düşməni öz ölkəsindədir. Kasıblıq içində üzən Ermənistan xalqının əsas düşməni Ermənistanın hakim sinfidir. Həmçinin, kasıblığın yüksək dərəcədə olduğu, yoxsul Azərbaycan xalqının da, əsas düşməni məhz Azərbaycanın hakim sinfidir. Xocalı hadisəsinin acı xatirələri illərdir bağçada, məktəbdə, işdə, küçədə, televiziyada; bir sözlə gündəlik həyatın bütün künclərində Erməni düşmənçiliyi və Əliyev rejiminin millətçi agitasiyasının qızışdırılması üçün istifadə olunmuşdur. Azərbaycan zəhmətkeş xalqı hər gün, “bu gün evə çörək ala biləcəyəmmi?”, “övladımın məktəb ləvazimatlarını almağa pulum çatacaqmı?” sualları ilə dərdlənərkən, Əliyev ailəsinin Londonda milyonlarla funt-sterlinq məbləğində lüks villaları olduğu ortaya çıxdı. SOCAR-ın neftçi işçiləri 3 ay maaşları verilməyərək, qızğın günəş altında çalışarkən, SOCAR prezidentinin oğlunun Londonda lük villaları var. Korrupsiya, intensiv istismar şəraitində yaşayan zəhmətkeşlərə məhz Xocalı hadisələri istifadə edilərək, “əsas düşməniniz Ermənilərdir” deyildi. İctimai məmnuniyyətsizliklər “Erməni düşmənliyi” ilə fərqli kanallara yönləndirildi. Əsas istismarçının özləri olduğu halda, başqa bir xalq istismarçı elan edildi. Xocalı hadisələrinin Ermənistan və Rusiya hakim sinfinin imperial məqsədləri ortaya qoyulmalı və tənqid edilməlidir. Fəqət, Azərbaycan zəhmətkeş xalqı Xocalı hadisələrinin səbəbkarının “Ermənistan zəhmətkeş xalqı” olduğu kimi manipulyativ fikirləri rədd etməlidir.
Bir çox “sosialist” Xocalı hadisəsinə yol açan əsas şəxsin Qorbaçov olduğunu iddia edir. “Sosialist, hətta kommunist SSRİ”-ni dağıdan, liberal siyasət ilə SSRİ tərkib xalqlarının düşməni, əksinqilabçı Qorbaçov. Bəli, Qorbaçov Qafqazda bitmək bilməyən etnik münaqişələrdə, SSRİ-nin rəsmi olaraq dağılmasında böyük rol oynadı. Fəqət, Qorbaçov bir inkişafın məntiqi nəticəsindən başqa bir şey deyildi. Xalqların qardaşlığına düşmənlik axtarmaq istəyən Stalinə nəzər yetirməlidir. Bu yazımızda Stalinizmin bolşevik-leninizmdən fərqli olaraq “azad və müstəqil sosialist respublikalar” anlayışına düşmən olduğundan, Rusiyanın mərkəziyyətini möhkəmləndirdiyindən, bürokratiyanı isə işçi sinfinin mənfəətlərinə düşmən bir şəkildə iqtidarlaşdırdığından bəhs etmişdik. Bəli, 1988-ci ildən başlayaraq Xocalı hadisələri ilə kuliminasiya nöqtəsinə çatan və hələ də, bitmək bilməyən etnik boğazlaşmaların tarixi 1930-cu illərdən başlayır. Oktyabr inqilabının memarları olan Lenin və Trotskinin arzuladığı sinifsiz, sərhədsiz və istismarsız dünya anlayışı 1920-lərin sonunda əksinqilabçı Stalinizm tərəfindən məhv edilir.
Son olaraq dediklərimizi təkrarlamaqda fayda var. Biz inqilabçı-marksistlər Erməni millətçiliyinin və törətdiyi iyrənc cinayətləri ən kəskin şəkildə qınayırıq. Fəqət, eyni şəkildə 2-ci Qarabağ müharibəsində və sonrasında Azərbaycan millətçilərinin törətdiyi iyrənc cinayətləri də qınayırıq. İki ölkənin də zəhmətkeş xalqı illərdir hakim sinfin rəsmi ideologiyası ilə idarə olunur. Azərbaycan və Ermənistan zəhmətkeşlərinin öz ölkələrindəki hakim sinfi tarixə həbs etməkdən və qardaş, azad və müstəqil Sosialist Qafqaz Federasiyasını qurmaqdan başqa çıxış yolu yoxdur. Roza Lüksemburqun dediyi kimi, “ya barbarlıq, ya da sosializm!”