Yaxşı nədir bu

Cəbrayıl Vəliyev

Yaxşı nədir bu

Son günlər "Media haqqında" qanunun gündəm mövzusu olması və müzakirə edilməsi çox yaxşı haldı, amma hazırda baş tutan dəyişikliklərə də eyni həsasslıq göstərilməlidir.

 

Milli Məclisin bir neçə gün öncə baş tutan iclasında üzərində dəyişikliklər edilməsi müzakirə edilən "Fövqəladə vəziyyət haqqında" qanun kimi.

 

Qanun layihəsinə əsasən hüquq ədəbiyyatımıza yeni - sosial xarakterli fövqəladə mühit və rejimi anlayışları gətirilir.

 

Yaxşı, nədir bu sosial xarakterli fövqəladə mühit?

 

Layihədə göstərilənə əsasən "fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir".

 

Yəni?

 

Bu barədə heç qanunu qəbul edənlərin vahid fikri yoxdu.

 

Deputat Ziyafət Əsgərovun fikrincə fövqəladə vəziyyətin elan olunmasına ehtiyac qalmayan kiçik miqyaslı fövqəladə hal, Qüdrət Həsənquliyevin fikrincə isə haqqında qanun qəbul etməyə ehtiyac qalmayan hüquq sisteminin eybəcərləşməsi - anti-konstitusion akt.

 

Əslində, hakimiyyətin xoşuna gəlməyən hər şey.

 

Sosial xarakterli fövqəladə mühit rejimi də adı fövqəladə vəziyyət olmayan fövqəladə vəziyyət.

 

Üstəlik tətbiq edilməsi üçün parlamentin razılığına ehtiyac olmayan, qüvvədə qalması üçün vaxt limiti olmayan, həm hüquq və azadlıqları məhdudlaşdırmayacağını iddia edib, həm də rejim zamanı hamının onlara tapşırılmış vəzifələri vaxtında yerinə yetirməli olduğunu deyən oksimoron bir qanun. Konstitusiyanın 71-ci maddəsinin kobud şəkildə pozulması.

 

Nəticə

 

Bu qanunun həyasızlığının deputatları belə hiddətləndirməyi bacarması bir yığın deputatdan mədət ummağımız, yaxud nəsə dəyişiklik etmək istədikləri, istəsələr edə biləcəkləri mənasına gəlmir, gəlməməlidir.

 

Bütün bu həyasızlığın tək həlledicisi bolşevik-leninist partiya, tək yolu inqilabi mübarizədir!

 

Bütün yoldaşları inqilabçı marksizm mübarizəsində bir bayraq altında birləşməyə, bu və bunun kimi minlərlə hüquqsuzluğa son qoymağa çağırırıq.