1 May Niyə Əhəmiyyətlidir?
Bütün ölkələrin zəhmətkeşlərinin şüurlu həyata oyanışlarını qeyd etdikləri, insanın insan tərəfindən məruz qaldığı hər cür zorakılığa və hər növ zülmə qarşı, milyonlarla zəhmətkeş insanın aclıq, yoxsulluq və alçaldılmadan azad edilməsi uğrunda mübarizədə öz birliyini qeyd etdikləri 1 May günü! Bu böyük mübarizədə iki dünya üz-üzə gəlir: kapital dünyası və əmək dünyası, istismar və köləlik dünyası, həmrəylik və azadlıq dünyası.
Bir tərəfdə zəngin parazitlər – kapitalistlər dəstəsi var. Onlar fabrik və zavodları, istehsal vasitələri və qurğuları, resurs və azadlıqları ələ keçirib, milyonlarla hektar torpağı, pul dağlarını şəxsi mülklərinə çeviriblər. Onlar hökuməti və ordunu öz qulluqçusu rolunu oynamağa, topladıqları sərvətin sadiq keşikçisi olmağa məcbur edirdilər.
Digər tərəfdə isə milyardlarla mülksüzlər var. Bu insanlar yaşamaq və işləmək üçün varlıların insafına möhtac qalıblar. Dünyadakı bütün sərvətləri onlar öz zəhmətləri ilə yaradırlar və qarşılığında bir çox tələbatlarını ödəməyə yetərli olmayan qəpik-quruş alır, həddən artıq işləməkdən güclərini, sağlamlıqlarını itirirlər, kənd daxmalarında və böyük şəhərlərin zirzəmilərində şəraitsizlikdə yaşayırlar.
Yer üzündəki bütün canlılar arasında yalnız insan ətraf mühit şəraitinə uyğunlaşmaq deyil, onu şüurlu və yaradıcı şəkildə dəyişdirmək qabiliyyətinə malikdir. Məhz əmək insan təkamülündə həmişə ən mühüm amil və tərəqqinin əsas mühərriki olmuşdur.
Xüsusi mülkiyyətin yaranması ilə əmək azadlığı sona çatdı. Qul, onun istehsal etdiyi hər şey və hətta həyatı quldara məxsus idi. Təhkimli kəndlinin əməyinin bəhrələri feodal tərəfindən mənimsənilirdi. Kapitalizmdə istənilən muzdlu işçi isə acından ölməmək üçün nümayəndələrini işə götürməyə məcbur olduğu burjuaziyanın bütün sinfinə aiddir. Əməyin kapitala – işçi sinfinin burjua və oliqarxlara qarşı böyük mübarizəsi bütün ölkələrin işçilərinə kütləvi qurbanlar bahasına başa gəlib. Onlar daha yaxşı yaşamaq və əsl azadlıq hüquqlarını müdafiə etmək üçün çoxlu qurbanlar veriblər. Paris Kommunası və SSRİ kimi nümunələr işçi sinfinin təşkilatlanmış mübarizəsinin qələbə qazana bilməsinin mif olmadığını təsdiq edir. Hələ də bizim bu təcrübələrdən öyrənə və gələcək səhvlərdən özümüzü sığortalamaq üçün dərs çıxara biləcəyimiz çox şey var.
Müasir proletariatın bütün azadlığı onun quldan və təhkimli kəndlidən fərqli olaraq öz ağasını seçə bilməsindədir. Kapitalizmdə zülm və istismar daha çox gizlədilir, çünki məcburi əmək sırf iqtisadi xarakter daşıyır: "İstismar olunmaq istəmirsiniz? Sizi heç kim məcbur etməyəcək, sadəcə evsiz, səhiyyəsiz və həyatsız qalacaqsınız. Kapitalizmə xoş gəlmisiniz!"
XXI əsrin neoliberalizmi şəraitində cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı çox yüksək səviyyəyə çatmışdır. Bəşəriyyət çoxdan bütün planetdə yoxsulluğu və aclığı əbədi olaraq ləğv edə bilərdi. Lakin kapitalizmin barışmaz ziddiyyətləri, - ən əsası istehsalın ictimai mahiyyəti ilə istehlakın şəxsi xarakteri arasındakı ziddiyyətdir (planetin işçi əksəriyyəti işləyir və onların əməyinin bəhrələrini bir ovuc insan - burjuaziyanın ən zəngin təbəqəsi mənimsəyir), - buna imkan verməyəcək.
21-ci əsrdə isə böhranlar, işsizlik, səfalət və sadə işçilərin yoxsulluğu kapitalizmin daimi (hətta birinci dünya adlanan ölkələrdə də) yoldaşlarıdır. 20-ci əsrdə bazarlar və təsir dairələri üçün mübarizə aparan imperialist burjuaziya on milyonlarla qurbanı ilə 2 dünya qırğınını həyata keçirdi. Görünmür ki, bu əsrdə biz bu cür faciəli hadisələrin təkrarlanmasından sığortalanmışıq. Üstəlik, hazırda dünyanın əsas kapitalist dövlətləri mövcud sivilizasiyanı məhv etməyə qadir olan hərbi potensial toplayıblar. Hazırda Ukraynada baş verənlər yalnız daha böyük müharibənin başlanğıcı ola bilər.
Bəşəriyyətin bütün tarixi sübut etdi ki, əmək və kapital arasında uzlaşma mümkün deyil. Bu gün kapitalist güzəştə gedəcək, sabah işçi sinfindən – zəhmətkeş insanlardan ikiqat çoxunu götürəcək. Hətta səkkiz saatlıq iş günü anlayışı çoxdan öz aktuallığını itirib. Sağ qalmaq üçün bu gün bir çox işçi bir neçə yerdə işləmək məcburiyyətindədir. Bütün ölkələrdə böyük korporasiyalar vergilərdən, xəstəlik və xəsarət ödənişlərindən, məzuniyyətlərdən və sosial müavinətlərdən yayınmaq üçün hətta müqaviləsiz və ya natamam iş günü adı ilə bütün gün işlətmək qarşılığında işçi götürməyə üstünlük verirlər.
Yalnız istehsal vasitələrinin ictimailəşdirilməsi ilə zülm və istismara, böhranlara və müharibələrə son qoymaq olar. Yalnız bundan sonra planetimizdə əmək həqiqətən azad olacaq və bəşəriyyət nəhayət, “sosial məsuliyyətli iş adamları” və “effektiv menecerlər” sinfinin doymaq bilməyən hərisliyi qarşılığında qan və tərlə ödəməyi dayandıracaq.
Dövlətin və sarı həmkarlar ittifaqının əl-ələ verərək 1 Mayın içini boşaltdığı bu zamanlarda 1 Mayı qazanmaq üçün çalışmalıyıq. Bu isə sadəcə sosial media postları ilə deyil, təşkilatlanıb onların qarşısında bir yumruq olmaqla əldə edilə bilər.
Maksim Qorkinin də dediyi kimi, hüquqlar verilmir, hüquqlar alınır. Haqqımız uğrunda mübarizə aparmayınca 1 May bizim tamhüquqlu bayramımız olmayacaq və işçi günündə belə işləyəcəyik.
Yaşasın əməyin azadlığı!
Yaşasın beynəlxalq inqilabi mübarizə!
Məhv olsun cinayətkar və yırtıcı kapitalist istilası!