2023: Fürsət və Ehtimallar

2023: Fürsət və Ehtimallar

2022-ci il, post-müharibə dövrü sistemin iç üzünün ortaya çıxmağa başladığı il oldu. Müharibə zamanı bir -biri ilə barışmaz ziddiyyətdə olan siniflər arasında süni birlik yaradaraq, bütün əməkçi xalqı bir arada tutan Əliyev rejiminin dəmir yumruğu bu dəfə əməkçilərin üzərinə endirildi. Müharibənin ortaya çıxardığı millətçi sərxoşluq və qələbə eyforiyasının son dumanları da artıq yox olmağa doğru gedir. 2023-cü il Azərbaycanda sinif mübarizələrinin öyrəşilmiş “yoxluğunun” yerini getdikcə yüksəlməkdə olan sinif mübarizələrinə buraxacağına şahidlik edəcəyik desək, çox da yanılmarıq.

2022-ci ildə bu mübarizənin yüksəlişinə təkan verən hadisələr yaşandı. Həm Azərbaycanda, həm də dünyanın dörd bir yanında işçi sinfinin ayaqlandığı, tətillər etdiyi, əməkçi xalqların bərabərlik və azadlıq uğrunda mübarizələr apardığı il keçib-getdi. 2022-ci ilin ilk günlərində Qazaxıstan işçi sinfinin neft təsislərində başlatdığı etiraz dalğası tezliklə ətraf bölgələrə və xüsusilə Almatıya sıçradı. Qazaxıstan əməkçi xalqı korrupsiyaya, qiymət artışlarına, sosial bərabərsizliklərə, hökümətin avtoritar xarakterinə, nepotizminə qarşı ayaqlanması nəticəsində hökümət istifa etdi. Üsyan alovunun getdikcə ölkənin dörd bir yanına yayılması nəticəsində, Rusiya rəhbərliyindəki mürtəce” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” Qazaxıstana göndərdiyi ordu sayəsində üsyanları qanla yatırdı.

 

 

2022-də yadda qalan hadisələrdən biri də, hələ də davam etməkdə olan İranda yaşanan etiraz aksiyalarıdır. 16 Sentyabrda Məhsa Əmini hicabının altından bir az saç göründüyü üçün əxlaq polisi tərəfindən işkəncə ilə döyülməsi nəticəsində komaya düşüb ölmüşdü. Məhsa Əminin öldürülməsi İranda 2019-da başlayıb pandemiya ilə yarıda qalan üsyan qığılcımının böyüyərək bütün İranı sarsmasına təkan oldu. Başlarda qadınların və gənclərin etirazlarının yayğın olmasına rəğmən bu dalğa İran işçilərinin siyasi xarakterli tətillərinə səbəb oldu. Kapitalist molla rejimini ayaqda tutan ən böyük iqtisadi fenomen olan neft ixracı neft işçiləri tərəfindən sarsılmağa davam edir. Təsirli bir tətil dalğası hələ ki təşkilatlanmasa da, işçilər iş dayandırmaq, təsis önündə etirazlar etmək kimi vasitələri istifadə edir. Bu da, İranda böhranın dərinləşməyinə səbəb olur. İşçilərin siyasi tətilləri ölkə miqyasında yayğınlaşdırıb şuralar qurması sarsılan İran hakim sinfini məğlub edəcək; bərabərlik və azadlıq həsrətlərinin konkret olaraq gerçəkləşməyini təmin edəcək. “İnqilabın Səsi” İrandakı mübarizə seyrini həyəcanla izləyir, üsyanların gedişatından dərslər çıxarır və İrandakı sosialist qüvvələrlə mübarizə əlaqələri qurmağın yollarını axtarır.

Şri Lanka, Peru, Braziliya, Türkiyə, Kürdüstan, Liviya, Fransa, İngiltərə və sairə və ilaxır... 2022-ci il, dünyanın dörd bir tərəfindən işçi və əməkçilərin etiraz dalğalarının yayıldığı ilə şahidlik etdi. Sinif mübarizəsində yeni addımlar atanlardan biri də, Azərbaycan işçi sinifi oldu. Kuryerlərin mobbinq, aşağı qiymətlər və əmək müqavilələrinin olmamağına qarşı tətil və boykot etiraz aksiyalarına başlamağı sinfi mübarizələrin qığılcımının yaranmasına təkan verdi. 50-yə yaxın kuryer təşkilatlanaraq “Kuryer Birliyi” həmkarlar ittifaqını təsis etdi. Bu həmkarlar ittifaqının 2500-ə yaxın kuryerə əlçatanlığı var. İşçilərin mübarizə prosessi daxilində sinfi şüurlarında böyük sıçramalar olduğunu gördük. Etiraz sonrasında təşkilatlanan kuryerlər sadəcə sahibkarlarına, Wolt və Bolt şirkətlərinin tək-tək CEO-larına qarşı yox, bir bütün olaraq sərmayə sinfinin işçi sinifi ilə barışmaz ziddiyyətdə olduğunu, dövlətin isə polis, hüquq və digər aparatlar vasitəsilə sərmayədarların mənfəətlərini qoruduqlarını təcrübə etdilər. Tətil və boykot etirazlarına qatılan, “Kuryer Birliyi” həmkarlar ittifaqının üzvü Orxan Zeynallı, 5 mülki geyimli şəxs tərəfindən evindən oğurlanaraq həbs edildi. Bu həbsə səbəb olaraq isə məhkəmə, İnzibati Xətalar Məcəlləsi-nin 535-ci maddəsi “Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” maddəsi göstərilir. Hökümətin sahibkarlıq fəaliyyətində yoxlamaların qadağan olunması və sahibkarların işçiləri rahatlıqla istismar edib, şikayət edən işçiləri isə istədiyi kimi işdən atılmasını asanlaşdıran qanun maddələrini aktivləşdirməsi işçilərin bu prosessdə gözünə çarpan ən kəskin ziddiyyətlərdən biridir. Kuryer işçiləri, etirazlarını dilə gətirdiyi andan etibarən yaşadığı hadisələr silsiləsi onların sinif şüurunda sıçramalar yaşamasına səbəb olur. İşçilərin tək nümunə olaraq öz sahibkarları, öz sahibkarlarının digər sahibkarlarla olan əlaqəsi, onların işçilərdən konkret şəkildə ziddiyyəti, dövlətin isə polis, hüquq və digər orqanlar vasitəsilə kapital sahibi olan sahibkarların mənfəətini qorumasına qədər uzanan sistemin daha geniş və vahid təsəvvürünə sahib olmasına şahidlik etdik. Burada, yoldaşların diqqət yetirməsi lazım olan məsələ də budur. Sərmayədarların işlərinin yolunda getdiyi, kapitalizmin çarxlarının olduğu şəkildə döndüyü bir zamanda işçilərə xaricdən Marksist nəzəriyyə idxal etməklə işçilərin sinif şüuru qazanması çox ehtimal daxilində deyil. İşçilər, Marksist nəzəriyyənin məzmununu və özünü böhran zamanında, kapitalist çarxların olduğu şəkildə dönmədiyi bir zamanda təcrübə vasitəsilə əldə edirlər. Böhran zamanları qırılma nöqtəsi yaradaraq, sinif mübarizələrinin açıq hala gəldiyi, sinfi ayrımların konkretləşdiyi bir zəmin yaradır. Təşkilatlanan kuryerlər də, onların Marksist nəzəriyyə ilə tanış olması, xaricdən təlim və ya propaqanda edilməsi sayəsində deyil, məhz təcrübələri vasitəsilə böhran şəraitinin və mübarizə halında olmağın yaratdığı zəmində sinfi şüur əldə etdilər.

Azərbaycan nümunəsinə nəzər saldığımızda, 2022-ci il böhran vəziyyətinin yüksək səviyyədə yaşandığı bir il olduğunu görürük. 2008-ci il qlobal böhranını saymasaq, 2022-ci ildə 21-ci əsr üçün Azərbaycanda ən böyük inflyasiya göstəriciləri qeydə alındı. Xalqın gündəlik yaşamını davam etdirmək üçün ən çox istehlak etmək məcburiyyətində olduğu qida sahəsində 22% inflyasiya yaşandı. 250 minə yaxın insanın yetərincə qidalana bilmədiyi bir il yaşadıq. İşsizliyin artdığı bir vəziyyətdə, gündəlik həyatlarına davam etmək və ailənin cari ehtiyaclarını qarşılamaq üçün platforma şirkətlərinə qeydiyyat sayıları artdı. İnsanlar əmək müqaviləsi olmadan, güvənsiz şəraitlərdə, sahibkar və ya müdürlərin mobbinqinə məruz qalaraq işləməyə məcbur edildi. Əhalinin ortalama əldə etdiyi gəlir göstəriciləri, qida inflyasiyasının 4-5 qat aşağısındadır. Ölkədə yoxsulluq və bərabərsizlik özünü gündən günə daha da hiss etdirir. 2023-cü ildə bu böhranın daha da dərinləşəcəyini təxmin etmək o qədər də çətin deyil. Azərbaycanda sinif mübarizələrinin artacağına dair proqnozlar verilə bilər, lakin vəziyyətin analizi olmadan konkret bir şey demək boşboğazlıqdan başqa bir şey olmaz.

Böhran vəziyyətləri sinif mübarizəsini dərinləşdirmə meylli olsa da, bunlar avtomatik və mexanik olaraq baş vermir. Böhranlar sadəcə bir potensiallıq hal yaradır. İşçilərdə və ümumi kütlələrdə məmnuniyyətsizlik abu-havası artır. Məsələn, ATEF; Prime Brick; Bahar Enerji; Şəfa Broyler; Dominos Pizza; Optimal Elektronika və başqa adını çəkə biləcəyimiz müəssisələrdə çalışan işçilərin etirazları, məmnuniyyətsizliklərini misal göstərmək olar. Ancaq bu etirazların praktikada yansıması avtomatik şəkildə baş vermir. İşçilər çox az hallarda özü-özlüyündən baş verən ayaqlanmalar təşkil edir. Əsasən, təşkilatlanmış insan qrupunun təsiri və müdaxiləsi ilə aksiyalar baş verir. Xüsusilə, Azərbaycan kimi avtoritar siyasətin təzyiqinin hiss edildiyi ölkələrdə təşkilatlı mübarizənin önəmi burada ortaya çıxır. Çünki, təşkilatsızlığın yüksək olduğu və avtoritar iqtidarın dəmir yumruğunun zərbələri güclü olduğu bir vəziyyətdə məmnuniyyətsizliklər getdikcə biganəliyə çevrilə bilər. Kütlələrin etirazlarını ifadə edən bir kanal olmadığı zaman, sistemin dəyişməz olduğuna və subyektlərin dəyişdirici rolunun olmadığına inam arta bilər. Təşkilatsızlığın olduğu bir vəziyyətdə, bir yandan da, düşmən sinifin kütlələr üzərində aldadıcı manevrləri təsiredici rola sahib olur. Düşmən sinif, hər gün, təşkilatlı şəkildə və yorulmadan ideoloji hegemoniyasını artırmaq üçün çalışır. Rusiya sülhməramlılarına qarşı aksiyaların təşkil edilməsi, İran hökümətinə qarşı Azərbaycan hakim sinfinin ifadələri, Ermənistana qarşı alovlandırılmağa çalışılan müharibə “təhdidləri”, millətçi ideologiyanın yayğınlaşması üçün rejimin istifadə etdiyi taktikalar və s. və i. nümunə göstərilə bilər. Düşmənin bütün manevrlərinin əsl üzünü ifşa etmək, böhran vəziyyətinin yaratdığı potensiallıq halından istifadə edərək işçiləri və əməkçi xalqı sadəcə iqtisadi məsələlərə deyil, daha bütöv təsəvvür yaradacaq olan iqtidara və onun aparatları ilə əlaqələndirmək lazımdır. Bunu isə, diqqətsiz və istənilən şəkildə deyil, Azərbaycanın təzyiqçi və avtoritar xarakterini diqqətə alaraq etmək düzgün olacaqdır.

Azərbaycanın xüsusi şəraitləri, sosialistlərin sıx təşkilatlanmış şəkildə hərəkət etməsini məcburi edir. Bunun bir neçə səbəbi vardır. İlk öncə, təşkilatlılıq kütlələrə güvən və ümüd bəxş edir. Dəmir yumruğun qorxu atmosferini yaydığı vəziyyətdə, nə etdiyini bilən, qərarlı və birlikdə hərəkət edən təşkilatlılıq halı qorxu və biganəlik atmosferini qırmağa çalışan bir vasitədir. Düşmən sinif burjua dövlətinin rutini və intizamı altında təşkilatlı şəkildə çalışır. İşçi sinifinin inqilabçı subyektləri olaraq bizlər də, təşkilatlı şəkildə və yorulmadan çalışmalıyıq. İntizam intizamla qarşılanmalıdır.

Nəticə və Nə Etməli?

Məqalədəki yekun fikri, qısa şəkildə ifadə etsək, Azərbaycanda yaşanan böhran vəziyyətindən istifadə etməliyik. Müharibənin yaratdığı sərxoşluq halının yavaş-yavaş yox olduğu vəziyyətdə, kapitalizmin vəhşilikləri və Əliyev rejiminin ortaya çıxardığı bütün iyrənclikləri ifşa edərək kütlələr üzərindəki hakim sinfin hegemoniyasını qırmağa çalışmalıyıq. Bunu etmək üçünsə, təşkilatlı mübarizəni böyütmək və genişləndirmək məcburiyyətindəyik. Çünki, fərdi şəkildə aparılan mübarizələr bir yerə qədər təsirli olsa da, müəyyən edici gücə sahib deyildir. Sosialistlərin, əzilən və istismar edilənlərin, azadlıq və bərabərlik arzusunda olanların hal-hazırki vəziyyətdə yatıb qalmaları ancaq və ancaq düşmənə yenidən özünə gəlməsi üçün lazım olan zamanı yaradır. Kapitalizm dinamik bir struktura sahibdir və düşdüyü böhranlardan ayağa qalxacaq zəmini yaradan gücdədir. Fəqət, onu yıxa biləcək güc də bizim əlimizdə mövcuddur: inqilabçı proletariat. Nə vaxt ki, oturduğu yerdən danışan deyil, əlini daşın altına qoyan yüzlər, minlər yaradarıq; məhz o zaman bir şeyləri dəyişdirərik. İndi, əlini daşın altına qoymaq zamanıdır. İşçiləri ağır istismar şəraitlərinə məcbur buraxan; qadınları, LGBTİQ+ fərdlərini, özgə xalqları dəmir yumruğu altında əzən bu sistemdən xilas olmağın yolu təşkilatlı mübarizədən keçir! Hal-hazırda önümüzdəki vəzifə, təşkilatlı mübarizəni böyütməkdir. Bunun üçün də yorulmadan çalışmalı, insanları inqilabçı sıralarımıza qazandırmalıyıq.

Əliyev rejimi öz təbiəti etibarilə, beynəlxalq əlaqələr şəbəkəsinin içindədir və digər ölkələrdəki siyasi-iqtisadi şəraitlərdən müstəqil deyildir. Bunun son zamanlardakı ən aydın nümunəsini Rusiya-Ukrayna müharibəsi prosessində müşahidə etdik. İki imperialist güc – NATO/ABŞ və Rusiya- arasında yaşanan didişmələrdə, Azərbaycan burjuaziyası və burjua iqtidarı böyük rol oynadı. Rusiyanın embarqosu qarşısında Avropanın təbii qaz və neft ehtiyacının böyük bir hissəsini Azərbaycan təbii sərvətləri qarşıladı və qarşılamağa davam edir. Türkiyə burjuaziyasının və burjua iqtidarı AKP-nin Qarabağ müharibəsində həlledici rolunun olması; İsrailin silah satışları və başqa bir çox misal göstərmək olar. Nəticə etibarilə, Azərbaycan burjuaziyası dünya burjuaziyasına sıx əlaqələrlə bağlıdır. Məhz bu səbəbdən də, Azərbaycan işçi sinifi dünya işçi sinifi ilə sıx əlaqələrdə olmaq məcburiyyətindədir. Yəni, Azərbaycanın sosialist təşkilatları dünyadan müstəqil olaraq, sadəcə Azərbaycanın xüsusi məsələlərini gündəm etməməlidir. Beynəlmiləl mübarizə zəruridir. “İnqilabın Səsi” Orta Şərq, Avropa və Latın Amerikasından bir çox yoldaş təşkilatlarla əlaqədədir və internasional təşkilatın yaradılması üçün çalışmaqdadır.

“İnqilabın Səsi” Azərbaycan sosialistlərinə, azadlıq və bərabərlik həsrətində olanlara çağırış etməkdədir: Yatmaq vaxtı deyil! Oyan və təşkilatlı mübarizəyə qatıl. Sinif mübarizəsini yüksəltmək üçün yorulmaq bilmədən çalışmaq vaxtıdır.