Qürur ayının tarixi və LGBTİ+ mübarizəsinin sosialistlər üçün əhəmiyyəti

 Qürur ayının tarixi və LGBTİ+ mübarizəsinin sosialistlər üçün əhəmiyyəti

 

Hər il qürur ayında kapitalistlər LGBTİ+ icmasına öz “dəstəkləri”ni göstərirlər. Qürur ayı mövzulu satışların keçirilməsi, şirlətlərin loqolarını göyqurşağı rəngində dəyişdirməsi və korporativ “pinkwashing” LGBTİQ+ icmasına heç bir kömək etmir. Göyqurşağı kapitalizminin altında icmaya qarşı olan zülm davam edir.

Qürur Ayının Tarixi

Qürur ayı hər il iyun ayında 1969-cu il Stounvol üsyanının şərəfinə qeyd olunur. Bu üsyan polisə və kapitalist dövlətin repressiyalarına etiraz olaraq başlamışdı. Stounvol üsyanı zamanı 28 iyun 1969-cu ildə gecə saat 01.20-də cəsur qara dərili qadın Storme DeLarverie polis tərəfindən başından vurulub yerdə qanlar içində yatarkən yoldaşlarına dönüb “Niyə bir şey etmirsiniz?” deyə qışqırdı. O cəsur qadın üsyanın aktiv iştirakçılarından idi. Tarixin kişi mərkəzli yazılması bu üsyançı cəsur qadının adının çox az tanınmasına səbəb oldu. O üsyanın ilk yumruğunu atmışdı. Onun özünü müdafiəsi “polis məni vurdu, mən də onu vurdum” şəklində idi. İnsanlar tərəfindən “qəhrəman homoseksual” olaraq tanınan Storme, lezbiyan barlarını gəzərək 80 yaşına qədər onları öz silahı ilə qorxusuzca qorudu.

Daha sonralar isə qürur ayı hakim sinif tərəfindən öz mürtəce ideyalarını göyqurşağı bayrağı altında gizlətmək üçün  bir vasitə rolunu oynadı. Biz qürur ayını istismarçılarımızın manipulyasiya aləti kimi istifadə etməsinə icazə verməməliyik. LGBT hərəkatında vətəndaş hüquqlarını konkretləşdirən iqtisadi mübarizə sahəsinə (yaşayış, iş, səhiyyə və s.) daxil olanda görürük ki, cəmiyyətdəki əsas ziddiyyət, sinfi ziddiyyət bizim mübarizə apardığımız çərçivəni müəyyən edən şeydir və yalnız kapitalizmin devrilməsinə qədər sinfi mübarizəni irəlilətməklə biz xalqlara cəmiyyətdə mövcud olan zülm formalarına qarşı mübarizə aparan hərəkatlara qələbə perspektivi təklif edə bilərik.

Sinif mübarizəsinin hər şeyin mərkəzində olması fikrini tərk etsək, hər hansı bir anda müxtəlif hərəkatlar (LGBT, irqçiliyə qarşı, yaşıl və s.), müxtəlif kompozisiyalar və tarazlıqlar arasında koalisiyalar qurmaq üçün natamam bir səy yaranacaq. Sinif mübarizəsinin yüksəlişi həmişə olduğu kimi ideoloji sahədə də aydınlaşdırıcı təsir göstərəcək.

Bir çox sahədə olduğu kimi LGBTİ+ fərdlərinin azadlıq mübarizəsində də hegemoniya müharibəsi var. NATO başçılığında bir çox imperialist təşkilatlar LGBTİ+ fərdlərinin mübarizəsini təhlükəsizləşdirmək, sistem üçün təhdid olmaqdan çıxarmaq üçün korporativləri maliyələşdirir. Bu maliyəşdirilən və sistem çərçivəsinin kənarına çıxmayan quruluşlar LGBTİ+ fərdlərinin istismarının davam etməsi üçün səy göstərirlər. Bu hegemoniya müharibəsində inqilabçılar bütün əzilən sosial qrupları öz tərəfinə çəkməlidir. Mübarizəni liberallaşdıran ünsürlərə qarşı siyasi-nəzəri mübarizə aparılmalı, əzilənləri əsl azadlıq və bərabərlik proqramı olan sosializm proqramına qazandırmaq lazımdır.

Təəssüf ki, özünü “Marksist-Leninist”, “kommunist” adlandıran stalinistlər LGBTİ+ fərdlərini “xəstə”, “sağalmağa ehtiyacı olan şəxslər” olaraq görərək kapitalist hakim ideologiyanı davam etdirirlər. Əslində, stalinistlərin bu cür fikirlərlə LGBTİ+ fərdlərini diskriminasiya etməsi çox da təəccüblü deyil. Oktyabr inqilabından SSRİ-nin degenerasiya etməsi və kapitalist sistemə inteqrasiya etməsinə qədər olan tarixi incələdiyimizdə Stalinizmin qatı homofob olduğunu müşahidə etmiş olarıq. Oktyabr inqilabı ilə birlikdə homoseksual evlilik leqallaşdı, trans hərəkatların önü açıldı. LGBT fərdlərinin iqtisadi sferada yaşadığı çətinliklər aradan qaldırıldı. Ancaq, Stalinizmin iqtidarı gücləndikcə köhnə Rusiya Çarlığındakı mürtəce fikirlər yenidən canlandı. LGBTİ+ fərdlər yenidən kriminallaşdırıldı, homoseksuallıq “burjua xəstəliyi” adlandırıldı. Bunun əsl səbəbi isə kapitalizmdəki hakim homofobiya fikri ilə bənzərdir. Kapitalizm yeni işçilərin yaranması, kapitalist yenidən istehsalın yaşanması üçün ailə institusiyasına ehtiyac duyur. Homoseksuallıq isə kapitalizmin ehtiyac duyduğu ailə institusiyasına üçün təhlükə törədir. Stalinist Rusiya dövlət kapitalizminə çevrildiyi üçün ailənin ucaldılması lazım idi. Beş illik planlarla ağır sənayeləşmə cəhdləri yeni işçi nəsillərinə ehtiyac duyurdu. Çoxuşaqlı analara verilən medallar, ana obrazının yenidən canlandırılması, LGBTİ+-nin kriminallaşdırılması bunun üçün lazımlı idi.

 

Biz inqilabçı marksistlər isə LGBTİ+lərin azadlıq mübarizəsinin dəstəkçisiyik. Gəlin Qürur ayının mübarizəçi ruhu ilə bütün gənclərlə, işçilərlə ədalətsizliyə və bərabərsizliyə qarşı sinfi əsasda birləşib bu rəzil kapitalist sistemi məhv edək!