Elio Petri işçi sinifini cənnətə aparır
Elio Petrinin 1971-ci il istehsalı “İşçi sinifi cənnətə gedir” filmi, yəqin ki, ötən əsrin qaynar zavod fabrik mühitini, ziddiyətli fəhlə həyatını müşahidə edə biləcəyimiz ən uğurlu ekran işlərindən biridir. Film öz dövrünün inqilabçı atmosferini və Avropada kök salan kommunizm kabusunun çox səlis şəkildə izləyiciyə çatdırır. Filmi başa düşmək, düzgün analiz edə bilmək üçün, 60-cı illərin İtaliyasında işçilərin siyasi vəziyyətinin qısa xronikasına nəzər yetirmək yerinə düşər.
Əvvala, dünyanın hər yerində olduğu kimi 60-cı illər İtaliyada da, işçi və fəhlə tətilləri ilə, onların əldə etdiyi qısa müddətli iqtisadi-siyasi qələbələrlə, bir sözlə zəhmətkeş xalqın qızıl dövrü kimi yadda qalıb. Ölkədəki bütün böyük zavodlarda (Michelin, FİAT,) nəticəli və nəticəsiz yüzlərlə tətil baş tutmuşdu. Tətil edən işçilərin sayı bəzən 600000 nəfərə qədər çatırdı. Əlbəttə, bir partiya və təşkilat tərəfindən istiqamətlənməyən və başsız olan bu tətillər lazımi nəticəni vermirdi. İtalyan zəhmətkeşlər hələ də həmkarlar ittifaqına inanır, onların vasitəsi ilə kapitalistlərdən özləri üçün daha yaxşı şərtlər daxilində iş imkanı istəyirdilər. Lakin tarix özü italyan işçilərə gücün yalnız onların özündə, onların möhkəm birliyində olduğunu göstərdi. İtaliya proletariatı Fransa təcrübəsindən faydalanaraq, meydana yeni və həvəsli bir oyunçunu gətirdi: bunlar tələbələr idi. Proletariat kapitalistlər ilə aralarındakı yumşaq körpü olan oportunist həmkarlar ittifaqını oyundan xaric etdilər.
Yeni yaranmış fəhlə-tələbə cəbhəsi təzə bir siyasi mühit formalaşdırmış, lidersizlik şəraitində hər bir inqilabi fərdi prossesə eyni dərəcədə yaxınlaşdırmışdı.
60-cı illərin sonunda italyan fəhlə hərəkatı özünün pik nöqtəsinə gəlmiş, “İsti payız müqaviləsi” ilə də etirazlar sona çatmışdır. Təbii ki, işçi hərakatı artıq öz yolunu tapmış, bu yolun onları siyasi idarəni əllərinə alacaq kommunist dünyaya apardığını kəşf etmişdilər. Bir sözlə, İşçi sinifi onları cənnətə aparacaq ayəni oxumuşdular. İtalyan proletariatı sinfi şüuru dərindən mənimsəmişdi. Belə olan halda kapitalistlər ciddi güzəştlərlə həmkar ittifaqını oyuna cəlb edərək, onlar vasitəsi ilə işçilər arasındakı birliyi pozmağa başladılar.
Haqqında danışdığımız illər italyan proletariatı üçün təcrübə mərhələsi sayıla bilər. Bu illər ərzində əldə olunan iqtisadi uğurlardan əlavə əsas nailiyyət italyan işçilərinin həmkarlar ittifaqı ilə məsələni aydınlaşdırması olmuşdur. Zəhmətkeşlər artıq öz güclərinin fərqində idilər.
Qayıdaq filmə və bizim zəhmətkeş Elio Petriyə. Kimdir bu Petri?
Daha çox siyasi məzmunlu filmləri ilə tanınan Elio Petri Romada işçi ailəsində dünyaya gəlmişdi. Siyasi səbəblərə görə məktəbdən qovulan Petri buna baxmayaraq ali təhsil ala bilir. O, ədəbiyyat üzrə ixtisaslaşır. Təhsilini bitirdikdən sonra italyan kommunisti və İtaliya Kommunist Partiyasının təsisçisi olan Antoni Qramşinin əsasını qoyduğu “Birlik”qəzetində yazılar yazır. Daha sonra kinematoqrafiyaya istiqamətlənən Elio Petri “Qərb cəbhəsində təbəddülat yoxdur”, “Mülkiyyət artıq oğurluq deyil”, “Todo Moto” adlı siyasi filmlər ərsəyə gətirir. Bir ssenarist və rejissor kimi özünü sübut edir. Onun şah əsəri isə haqqında yazmaq istədiyimiz “İşçi sinifi cənnətə gedir” filmidir.
Filmdə Lulu ləqəbli Massa protoqonistdir. Biz onu proletariatın ümumiləşdirilmiş obrazı kimi ələ almalıyıq. Lulu zavodun ən çalışqan, ən zəhmətkeş işçisidir. Onun həyata baxışı lümpen bir işçininki kimidir. O işləmək və seks etmək üçün yaşayır. Onun üçün həyatın anlamı qadınların ayaqları arasındadır. Ancaq bədbxət Lulu birgə yaşadığı qadından da həyatın ləzzətini ala bilmir. Səbəb isə Massanın ağır iş gününün sonunda evə ölgün vəziyyətdə gəlməsidir. Bütün gücünü zavodda kapitalistin istismarı altında onun üçün mənfəət yaratmağa həsr edən Lulu belinə də seks üçün güc saxlaya bilmir. Bunun əvəzində isə Lulu iş maşınları, dəzgahları ilə seks edir. Onun həyatının mənası get gedə işlədiyi dəzgahlar, evi də kapitalistin zavodu olur. Massa yayğın bir burjua fikrinin təsirindədir: “Nə qədər çox çalışsan, o qədər çox qazanacaqsan”. İş yoldaşları isə Lulunu ələ salır. Onun kapitalistin köləsi olaraq adlandırırlar. Ona deyirlər:
-Lulu, evində yox, məhz elə burda bu zavodda öləcəksən.
İlk səhnələrdə Massa onlara gülüb keçir. Özünü onlar üçün nümünə sayır. Tez tez deyir ki, “Ən çox mən qazanıram. Hər şey qaydasındadır.”
***
Lulu və digər işçilər siyasi mühitdən uzaqda deyillər. Maviyaxalı tələbələr hər gün səs gücləndiricilər və bildirişlərlə onları kapitalistlərlə mübarizəyə səsləyirlər. İşçilər hər sabah zavoda girərkən, siyasiləşmiş tələbələ qruplarının şüarları altından keçirlər.
“Bu gün sizin üçün daha günəş doğmayacaq,” “Bu köləlikdir,” “Siz həbsxanaya gedirsiniz.”
Şüarlar, tələbələrin alovlu nitqləri Luluya təsir etmir. O, hələ də apolitik bir əziləndir. Siyasi şüurdan məhrum bir lümpendir. Massa proletariatın ilk dövrünü yaşayır: proseslərdən kənarda dayanmaq dövrünü.
Tələbələr hər gün işçilərə çağırışlar etsələr də, bildirişlər paylasalar da, bir başa ünsiyyətə keçsələr də, Lulu hələ zəncirlərinə bağlı kölə kimi yaşamağa və düşünməyə davam edir.
Bir gün isə Lulu hər şeyi başa düşür. Dəzgahda baş verən barmaq itkisi, Luluya zavodlarda işçilərin nə ilə imtahana çəkildiyini əyani şəkildə göstərir: İşçilər canları bahasına kapitalistlər üçün mənfəət yaradır. Barmağını eşq yaşadığı dəzgahda itirən Lulu çox qısa müddətdə işlədiyi zavod daxilində proletariatın avanqardına çevrilir. Onun siyasi aktivliyi o qədər artır ki, uğrunda barmağını qurban veridiyi kapitalist Lulunu işdən qovulur.
***
Lulu ayılır, nitqlər söyləyir, tələbələrlə danışıqlar aparır. O niyə bəzilərinin həyatda qalmaq üçün işləməli olduqları halda, bəzilərinin heç bir iş görmədən pul qazandıqları haqqında düşünür. Lulu düşünür. Nəhayət ki, Lulu onun əməyinin qarşılığının heç bir kapitalist tərəfindən ədalətli şəkildə ödənməyəcəyini başa düşür.
Filmin son səhnəsində Lulu yoldaşları ilə birlikdə yenidən zavodda işləyir. Həmkarlar İttifaqı onu işə bərpa edib. İşçilər qızğın iş prosesindədirlər. Birdən Massa yuxu gördüyünü xatırlayır və onu işyoldaşlarına danışır. Səsküyə baxmayaraq, Lulu yoldaşlarının da köməkliyi ilə ordan olan hər bir işçi ilə yuxusunu bölüşə bilir. Lulu deyir:
“Yuxuda bir divar görmüşdüm. Ölmüşdüm. Militina mənə dedi ki, hər şeyi parçalayaq və girək içəri. Cənnəti özümüz quraq”
Bəli, Lulunun bu qarışıq yuxusu tək 60-cı illərin italyan proletariatinin yox, həm də 21-ci əsr dünya proletariatının yuxusudur. İşçilər divarları dağıtmağa, yer üzündə cənnəti qurmağa və bu yolda onlara mane olan hər kəsə qarşı döyüşməyə hazırdır. Çünki Marks və Engelsin də dediyi kimi onların bu yolda zəncirlərdən savayı itirəcək nələrisə yoxdur, qazancaqları isə bütov bir dünya olacaq.