ANAMA işçiləri Qarabağdan qazanılacaq gəlir uğrunda iqtidarın növbəti qurbanlarıdır!
28 aprel 2023-cü ildə Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində mina partlayışında Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olublar.
ANAMA-ya yaxın olan mənbələrdən aldığımız məlumata görə, bu və bənzər hadisələr, tez-tez minatəmizləyənlərin həyatını itirməsi agentliyin rəhbərliyinin əmək təhlükəsizliyi qaydalarına əhəmiyyət verməməsi, işçilərin həyat və təhlükəsizliyini diqqətə almaması nəticəsində baş verir.
Azərbaycanda Əmək Məcəlləsi maddələrinin bu qaydalar toplusunu qəbul edən sinfin – kapitalistlərin, işəgötürənlərin, oliqarxların maraqlarına xidmət etdiyi işçi sinfinin şüurlu nümayəndələrindən heç biri üçün sirr deyil. Lakin ictimai fikrə vecsiz yanaşaraq, ən vacib əmək və həyat təhlükəsizliyi qaydalarını görməzdən gələrək ölkədə ən təhlükəli işlərdən birini yerinə yetirən işçilərin – minaaxtaranların həyat və sağlamlığına hörmət etməmək mütləq şəkildə ictimailəşdirilməli və cavab reaksiyası doğurmalıdır.
5 fevral 2021-ci ildə ANAMA-nın İdarə Heyətinin yeni sədri Vüqar Süleymanov təqdim ediləndə dövlətyönümlü medialar ağızlarından köpük axıdaraq bunun tamamilə yeni mərhələ olduğunu bildirirdilər. Təbii olaraq, biz sistemin yetişdirdiyi və təyin etdiyi kadrların onun qaydalarına zidd oynaya bilmədiyini anladığımız üçün hər hansı məmurun - yeni nazirin, sədrin, icra başçısının və s. təyinatına böyük ümidlərlə baxan insanların öncədən yanıldığını anlaya bilirik. Təəssüf ki, bu dəfə də istisna olmadı. ANAMA-nın minaaxtaranları həyat və sağlamlıqları ilə bunu öz üzərlərində sübut edirlər.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və ANAMA Əməliyyat İdarəsinin rəisi İdris Süleymanov Qarabağda böyük sayda mianaaxtaranın həyat və sağlamlığını ititməsinin əsas fərdiləşdirilmiş günahkarlarıdır.
Ölkə burjuaziyasının Qarabağla bağlı planlarının daha qısa müddətdə reallaşması üçün minaaxtaranların təhlükəsizlik normalarından kənara çıxaraq işləməsini tələb edir. ANAMA-ya yaxın olan mənbələrimiz bldirirlər ki, hazırda işlər normadan ən azı 4-6 dəfə daha sürətli aparılır. Belə ki, mina kəşfiyyatı düzgün aparılmır və minaaxtaranlardan minaların vizual şəkildə, yəni gözlə müəyyənləşdirilməsi tələb edilir. Həmçinin işlərin daha sürətlə aparılması üçün peşəkar olmayan şəxslərə cəmi bir ay təlim keçməklə onları minalanmış ərazilərə buraxırlar. Bu cür yanaşmanın, minaaxtaranların tələsdirilməsinin, əraziləri daha tez təmizləmələrinə dair tələblərin nəticəsi kimi çox sayda minaaxtaran qurban verilir.
Minaaxtaranlar Azərbaycan bürokratik hakimiyyət modeli çərçivəsində prokurorluqların apardığı araşdırmalar nəticəsində partlayışların həqiqi səbəbkarlarının – ANAMA rəhbərliyinin və onun tabe olduğu ölkənin ali məmur təbəqəsindən olan şəxslərin cəzalandırılacağına dair ümid bəsləmədikləri üçün kimsəsiz Qarabağ torpaqlarında özlərini çarəsiz və ölümlə mübarizədə aciz insanlar kimi hiss etdiklərini bildiriblər.
Bənzər hadisələr aydın şəkildə göstərir ki, Qarabağ müharibəsi, hazırda dövlətin Qarabağ ərazisinə münasibəti bilavasitə ölkənin işçi sinfinin öz sinfi mahiyyətini dərk etməsinin qarşısı almaq, işçilərin birlik və həmrəyliyinin pozulmasına nail olmaq, Qarabağ ərazisinin qısa müddətdə istifadəyə yararlı hala gəlməsi ilə daha çox gəlir əldə etmək və hazırki iqtidarın hakimiyyətdə qalma müddətini artırmağa xidmət edir. Hakim sinfin populist siyasəti qətiyyən işçi sinfini aldatmamalıdır. Çünki kapitalist hakim sinif üçün işçi sinfinin mənafeyi, onun səhhəti və sağlamlığı zərrə qədər önəmli deyil – yeganə məqsəd gəlirdir!