Azərbaycan Əməkçiləri bu oyuna son verməlidir! – Rusiya Sülhməramlıları ilə yaşanan gərginliklə əlaqədar İnqilabın Səsi bəyanatı

Azərbaycan Əməkçiləri bu oyuna son verməlidir! – Rusiya Sülhməramlıları ilə yaşanan gərginliklə əlaqədar İnqilabın Səsi bəyanatı

Ölkədəki bahalaşma, işçilərin iş şəraitlərinə qarşı narazıçılıqları, xalq arasında yaranan məmnuniyətsizliyə qarşı Əliyevin çətin vəziyyətə düşdüyündə istifadə etdiyi tək kart var: müharibə hayqırtılarını dilə gətirərək xalq arasında milliyətçi və şovinist duyğuları alovlandırmaq.

Dövlətin qeyri-rəsmi “dili” vəzifəsini icra edən televiziya kanallarının birində “Hər kəsə gün kimi aydındır ki, Ermənistanın Azərbaycana ərazi iddiası davam edir. Bu isə o deməkdir ki, Bakının yalnız bir seçim yolu qala bilər: Yeni müharibə!” ifadələri açıq şəkildə dilə gətirildi. Əliyevin “ Rusiya sülhməramlıları və Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı və bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirmək” istəyi hələ ki, yerinə yetirilməyib. Əraziyə ilk öncə jurnalistlər, daha sonra isə eko-aktivistlər adı altında Əliyev rejiminin kuklaları gətirildi. Sərhəddə yaşayan və əvvəlcədən planlanmış şəkildə ora gətirilən insanlar sülhməramlıların qarşısında milliyətçi və şovinist sloqanlar səsləndirdi, “vətənpərvər nostalgiya” atmosferinin yaranması üçün əlindən gələni etdi.

Əməkçilər bu oyunlara aldanmamalıdır!

Əliyev rejimi, “Azərbaycan yeni müharibəyə hazırdır” deyir. Bəs, Əliyevin içilərin, zəhmətkeşlərin müharibə sonrasında gündəlik həyatını necə idarə etdiyindən xəbəri var? 300 manat minimum əmək haqqı alan işçinin öz ailəsini necə saxladığı haqqında məlumatı var? Ölkədə çalışanların ən böyük hissəsi, yəni 21.3%-i 250-300 manat əmək haqqı alır. Gənc yaşda işçiliyin və yeni məzun olan tələbələr arasında işsizliyin artmasından xəbəri varmı? Əliyev, əməkçi xalqın təri üzərindən qazandığı, korrupsiyalarla əldə etdiyi sərmayə hesabına İsraildən, Türkiyədən və digər ölkələrdən aldığı silahlara güvənə bilər. Ancaq, əməkçi xalq yeni bir imperialist müharibə istəmir. Yeni bir müharibədə iki tərəfdən də gənclər öləcək, analar ağlar qalacaq, övladlar yetim qalacaq. Torpağa basdırılanlar Ermənistan və Azərbaycanın əməkçiləri olacaq, Əliyev və rejimin kuklaları, sərmayə sahibi zənginlər yox! Erməni və Azərbaycanlıları bir birinə qırdıran imperialist maraqların və qızışdırdıqları milliyətçilik duyğularının qarşısında Azərbaycan və Ermənistan əməkçiləri birləşərək silahı öz düşmən sinifinə və onların maraqlarını güdən iqtidarlarına yönəltməlidir!

Əliyevi qıcıqlandıran və bu cür həmlələr etməsinə səbəb olan qızıl yataqlarının istismar olunmasıdırmı? Xeyr! Əliyevi qıcıqlandıran qızıl yataqlarının Ermənistan tərəfindən istismar olunmasıdır. Azərbaycan işçi və əməkçiləri onları kimin istismar edəcəyini seçməyə məcbur deyillər. İstismarın özünü aradan qaldırmaq elə işçi sinifinin öz gücündədir.

Əməkçilər sabah həyatlarına necə davam edəcəkləri dərdində boğularkən Əliyevin müharibə hayqırtılarını bağıraraq xalq arasında şovinist duyğuların alovlandırılması istismar və korrupsiyalarla dolub-daşan rejimin göz bağlamaq hiləsidir. Ekspansionist siyasəti ilə Azərbaycanın əməkçilərində başqa ölkələrin əməkçi xalqına nifrət oyadan Əliyev rejimi daimi olaraq bu nifrətin özünə çevrilməməsinə çalışır. “Vətənin mənfəətini qorumaq” kimi missiyaları işçi sinifinin üzərinə yükləyərək mənfəətləri bir birinə tamamilə zidd olan iki sinif arasında, kapitalist sərmayə sinifi ilə işçi sinifi arasında barışıq əldə edilmək istənilir. Əməkçilərin Əliyevin bu hiləsinə qarşı cavabı yalnız və yalnız Əliyevə qarşı təşkilatlı mübarizə aparması olmalıdır! Azərbaycanın inqilabçı sosialistləri də, Əliyev rejiminin və kapitalist barbarlığın əsl üzünü ifşa edərək “İmperialist müharibəyə qarşı sinif müharibəsi” çağrışı etməlidirlər!

Rədd olsun Əliyev rejimi!

Yaşasın Azərbaycan və Ermənistan işçilərinin birliyi!

Yaşasın Sosialist Qafqaz!