Azərbaycan-Ermənistan düşmənçilik tələsinə son verməyin vaxtıdır!

Azərbaycan-Ermənistan düşmənçilik tələsinə son verməyin vaxtıdır!

İnsan haqlarının və fundamental demokratik hüquqların olmadığı bir ölkədə işçilər qatı istismar şəraitində və yoxsulluq içində yaşamağa, gənclər isə işsizlik və gələcəksizliklə mübarizə aparmağa məhkum edilərkən; Əliyev rejimi “qələbə” hayqırtıları ilə milliyətçilik və erməni nifrətini qızışdırır. Bu oyunu pozmağın vaxtı gəldi.

Xalqların sinifsiz və hüdudsuz, qardaşcasına birgəyaşayışına həsrət əsrlər boyu Qafqazda hiss olunur. Yerli iqtidarların və imperialist güclərin qızışdırmağa çalışdıqları etnik çəkişmələr qardaş xalqların bir-birini qırmasına səbəb olur. Qarabağ əsrlər boyu bu etnik münaqişələrin mərkəzi halına gətirilib. Hər iki tərəfin əməkçi xalqı yoxsulluqla mübarizə apararkən, qızışdırılan milliyətçilik hakim siniflərin maraqlarına xidmət edir. Bəs, Qarabağı imperialist müharibənin Qafqaz cəbhəsi halından çıxarmaq üçün Azərbaycan inqilabçıları hansı mövqedən çıxış etməlidirlər?

 

Oktyabr inqilabı və Zaqafqaziya

İnqilabçı Sovet Hökuməti Oktyabr inqilabı ilə hakimiyyəti ələ aldığı andan Çar Rusiyası ərazisindəki bütün xalqlara öz müqəddəratını təyin etmək hüququ verildi. Lakin əzilənlərin bayramı olan Oktyabr İnqilabından ilhamlanan Qafqazda yaşanan inqilabi coşqunun əsl azadlığa, müstəqilliyə aparan yolu ağrılı və çətin olub.

Millətçi burjuaziyanın nümayəndəsi Müsavatın hakimiyyətə gələrək “müstəqilliyini” elan etməsindən bir neçə həftə sonra Osmanlı Ordusu Azərbaycana daxil olaraq ölkəni işğal etdi. 1-ci imperialist dünya müharibəsinin başa çatması nəticəsində məğlub olan Osmanlı və Almaniya Zaqafqaziya üzərindəki nəzarətini İngiltərə hakimiyyətinə buraxdılar. Bu prosesdə əksinqilabi Ağ Ordunun Qafqaz cəbhəsindən müharibə aparması üçün yer açıldı. Vətəndaş müharibəsində qırmızıların ağlar üzərində qələbə çalmağa yaxın olduğu dövrdə, 1920-ci ilin aprelində Qırmızı Ordu xarici qoşunları Azərbaycandan çıxararaq bu Qafqaz şəhərini Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı elan etdi. Bakı Zaqafqaziyanın digər bölgələrinə nisbətən daha mütəşəkkil işçi sinfi və sinfi mübarizə təcrübəsinə malik idi. Bakı Petroqradla birlikdə 1905-ci il inqilabında bolşeviklərin məğlubiyyətindən sonra ən çətin dövrlərdə və irtica illərində belə yıxılmayan qalalardan biri olmuşdur. Bakının və ya ümumən Azərbaycanın başqa bir əhəmiyyəti də dünya inqilabında şərq cəbhəsinin açılmasında körpü rolunu oynamasıdır. Trotskinin hələ 1919-cu ilin yayında təklif etdiyi kimi, Dünya İnqilabında Şərq cəbhəsi açılmalı, Asiya və Yaxın Şərqdə radikallaşma davam etdirilməli idi. 1920-ci il aprelin 28-i İnqilabın Şərqə açılışı idi. 1920-ci il sentyabrın 1-də toplanan Böyük Şərq Xalqları Konqresi Asiyada müstəmləkəçilik əleyhdarı və sosialist hərəkatlarının qazanacağı qələbələr dolayısı ilə böyük həyəcan yaratdı. Mustafa Suphi TKPsi də Bakıda yaradıldı.

 

Yarıda qalan dünya inqilabı və Böyük Rus Şovinizmi

Milli problem təkcə etnik, məzhəblə bağlı və ya mədəni məhdudiyyət deyil; O, həm də sinfi mübarizənin formalaşdırdığı reallıq kimi üzə çıxır. Marks və Engels Kommunist Manifestində vəziyyəti belə ifadə edirdilər: “Bir fərdin digəri tərəfindən istismarı aradan qalxdığında, bir millətin digəri tərəfindən istismarı da aradan qalxacaq. Millətin öz içindəki siniflərin barışmaz ziddiyəti ilə birlikdə millətlərin bir-birinə düşmən münasibəti də azalır.” Etnik kimliklər arasındakı ziddiyyətlər antaqonist (barışmaz ziddiyyət) xarakterində olmayıb, barışmaz ziddiyyətlər olan sinfi ziddiyyətlərin yansıması kimi meydana çıxır. Əgər əsas qaynaq, yəni sinfi ziddiyyət aradan qaldırılarsa, sinifsiz ictimai quruluş yaranarsa, nəticədə milli məsələ də həllini tapacaqdır. Lakin SSRİ sinifsiz cəmiyyətə doğru getmirdi. Bürokratiya bir sinif olaraq özünü cəmiyyətə hakim olan sinif halına gətirmək yolunda idi. Oktyabr İnqilabının memarları Lenin və Trotski bunun fərqində idilər və ömürlərinin sonuna qədər hakim sinif kimi təşkilatlanmış proletariatın bürokratiya tərəfindən ləğvinə və bürokratiyanın hökmranlığının bərqərar olmasına qarşı mübarizə apardılar.

İnqilab bir ölkədə sıxışıb qaldığında, dünya inqilabı baş vermədikcə, qurulmuş işçi dövləti korrupsiyaya doğru sürükləndi. Bu korrupsiya nəticəsində yeni təbəqə, bürokratiya yüksəlməyə başladı. Bu bürokratlaşmanın çiyinlərində dayanan Stalin əksinqilabi proseslə Oktyabr İnqilabının bütün irsini məhv etməyə başladı.

Lenin əzilən xalqlara, onların mübarizəsinə həmişə rəğbət bəsləyirdi. Xalqların həbsxanası olan çarlıq dövründə əzilmiş milli mədəniyyətlərin dirçəldilməsi, yerli dillərdə havaların və xalq musiqilərinin səslənməsi üçün korenizasiya-lokallaşdırma siyasəti həyata keçirilməyə başlandı. İllərdir davam edən ruslaşdırma siyasətinin geriyə doğru sıxışdırılması və yerli mədəniyyətlərin dirçəlməsi baxımından “Korenizasiya”nın böyük əhəmiyyəti vardı. Korenizasiya siyasəti çərçivəsində Azərbaycanda təhsildə və dövlət qurumlarında rəsmi dil Azərbaycan dili oldu. Sovetdə vəzifə verilən kommunistlər arasında Azərbaycan dilini bilməyənlər Azərbaycan dilini öyrənməyə təşviq edilirdi. Leninin əsas prinsip kimi qəbul etdiyi bərabərhüquqlu respublikalar ittifaqı üçün, hər bir xalqın digərinə iyerarxik təsir göstərməməsi və həqiqi bərabərliyi təmin etmək üçün çarlıq dövründə ruslaşdırma təzyiqinə məruz qalan millətlər əks proseslə lokallaşdırıldılar. Amma Stalinizmin əksinqilabı, Oktyabr inqilabının gətirdiyi bu əzilənlərin bayramını məhv edəcək, bərabərlik və azadlıq uğruna aparılan mübarizəni alt-üst edəcəkdi.

İnqilabın dünya üzrə yayılması mümkün olmadıqca, yüksələn bürokratiya milli məsələ siyasətini Leninin əks istiqamətdə dəyişdirdi. Bürokratiyanın qızışdırdığı “böyük rus şovinizmi” milli məsələni hər an partlaya biləcək dinamit meydanına çevirdi. Stalin böyük rus şovinizminin ən böyük nümunələrindən biridir. Lenin sağ olduğu müddətdə partiya daxilində milli şovinist ünsürlərə qarşı mübarizə aparmışdı. Ömrünün son illərində partiyadaxili müzakirələrə əvvəlki kimi qarışa bilməyəndə belə yazırdı:

“Mən böyük rus şovinizminə qarşı ölüm-dirim müharibəsi elan edirəm. Mən lənətə gəlmiş dişimdən qurtulan kimi bütün sağlam dişlərimlə onun üstünə gedəcəyəm”.

Stalin Xalq Komissarları Sovetinin Xalq Komissarı olarkən “RSFSR və Müstəqil Respublikalar arasında münasibətlərin təhlili layihəsi” adlı məruzə hazırladı. Layihə “Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının RSFSR-ə rəsmi qoşulması” əsasında hazırlanmışdır (Nahoylo və Svoboda, 1990, səh. 50). Stalinin bu layihəsi rəsmi olaraq respublikaların ərazilərini Rusiya Sovet Federativ Respublikasının nəzarəti altına almağı planlayırdı. Lenin layihəyə etiraz etdi. Leninin fikrincə, bütün respublikaların bərabər əsasda birləşdiyi federasiya yaradılmalı və bütün respublikalar bərabər hüquqlara malik olmalıdırlar. Rusiya Cümhuriyyəti digər cümhuriyətlər ilə bərabər idi və digərlərindən fərqlənmirdi (Lenin, 1973, s. 372). Stalin məruzəsinin yekun layihəsi Leninin bu tənqidlərinə əsasən hazırlanmış və Sovetlərin III qurultayı 1922-ci il dekabrın 30-da SSRİ-nin yaradılması haqqındaki bu müqaviləni qəbul etmişdir. Lenin Stalinin milli şovinist xarakterini bilirdi. 1919-cu ildə Lenin yazırdı: “Əgər bir kommunisti qazsanız altından Böyük Rus Şovinisti taparsınız”.

Stalin hakimiyyəti möhkəmləndirdiyi vaxtdan tarix anlayışı və marksist baxış dəyişdi. Ruslaşdırma siyasəti geri qaytarıldı. İnqilabdan sonra tarix anlayışı xalq yığınlarının hərəkətlərini aşağıdan bir mübarizə şəklində vurğulayırdısa, tarix kitablarında vurğu dəyişərək “milli” qəhrəmanları, onların vətən uğrunda fədakarlıqlarını vurğulamağa başladı. Marksist humanitar elmlər üzrə professor Mett Perri Stalinizmin tarix elmini təhrifini belə təsvir etmişdir:

“Rus milliyətçiliyinin bu tərsinə çevrilməsini böyük kinorejissor Sergey Eyzenşteynin (1898-1948) misalında göstərmək olar. Eyzenşteyn "Potemkin" (1925), "Tətil" (1925) və "Oktyabr" (1927) kimi ilk filmlərində işçilərin, dənizçilərin və Petroqrad kütləsinin inqilabi hərəkətlərini sənədləşdirmiş və qəhrəmanlaşdırmışdır. Sonralar Aleksandr Nevski (1938) və 1-ci Qorxunc İvan (1945) kimi epik filmlər ilə birlikdə Böyük Vətən Müharibəsini (Sovet İttifaqında İkinci Dünya Müharibəsini təsvir etmək üçün istifadə edilən ifadə) və Stalinə ehtiram göstərmək üçün köhnə milliyətçi ifadələri canlandırdı."

Stalin dönəmində Çarlıq tarixində qəhrəmanlıq rəmzi sayılan Kulikova müharibəsi və Vətən müharibəsi abidələri kimi bəzi abidələrin bərpası üçün kampaniya başladıldı.

İkinci Dünya Müharibəsi illərində hərbi hissələrə müraciət edən Stalin Çarlıq Rusiyasının fədakar qəhrəmanları kimi tanınan simvol adlarını yad edərək bir çıxış etdi:

“Yoldaşlar, Qırmızı Ordu, Qırmızı Hərbi Dəniz Qüvvələrimizin əsgərləri, zabitlər, fəhlələr, kişi və qadın partizanlar!.. Sizin müharibəniz azadlıq müharibəsidir, ədalətli müharibədir, bu müharibədə əcdadlarınızın qəhrəman adlarından ilham alın. Aleksandr Nevski, Dmitri Donskoy, Minin və Pozharski, Aleksandr Suvorov, Mixail Kutuzov! Ulu Leninin zəfər bayrağı sizə xeyir-dua versin.Alman işğalçılarına ölüm!

1945-ci il mayın 24-də Kremlin Qırmızı Ordu komandirləri üçün dəvəti ilə Stalin rus xalqına tost etdi:

“Mən sovet xalqının və hər şeydən əvvəl rus xalqının sağlamlığı üçün tost demək istəyirəm. Mən hər şeydən əvvəl rus xalqının sağlamlığı üçün içirəm, çünki Sovet İttifaqını təşkil edən millətlər arasında rus milləti birinci yerdədir. Mən deyirəm ki, gəlin rus xalqının sağlamlığına tost söyləyək, çünki bu müharibə vasitəsilə o, ölkəmizin bütün xalqları arasında Sovet İttifaqının rəhbər qüvvəsi kimi tanınmaq hüququ qazanıb. Mən deyirəm ki, rus xalqının sağlamlığı üçün tost deyək, təkcə aparıcı xalq olduğuna görə deyil, həm də aydın düşüncəyə, güclü xarakterə, səbrə malik olduğu üçün. Rus xalqının sovet hökumətinə olan bu inamı bizim bəşəriyyətin düşməni, faşizm üzərində tarixi qələbəmizi mümkün edən həlledici qüvvə idi. Rus xalqına inancına görə təşəkkürlər. Rus xalqının sağlığı üçün! (Nahaylo və Svoboda, 1990, səh. 95).”

Soyqırımlardan, qanlı müharibələrdən sonra, hətta xalqlar həbsxanası olan Çar Rusiyasında sosialist işçi dövləti yaradılanda da əzilən millətin nümayəndəsi ilə əzən millətin nümayəndəsinin birgə, qardaşlıq şəraitində yaşamasının əsas yolu bərabər və azad respublikalar prinsipindən keçir. Ancaq Rusiyanı bərabərlər arasında birinci və ən böyük qardaş olaraq görürsünüzsə; Əgər siz əzilən xalqlar üzərində qurulmuş respublikalarda soyqırımlar törətsəniz, birgə, qardaşcasına və azad yaşamaq şərtlərini ləğv etmiş olarsınız. Amma unutmamaq lazımdır ki, burada Stalinin subyektiv iradəsi rol oynasa da, ən mühüm rol Stalini yaradan obyektiv şəraitdədir. Dünya inqilabının yayılmaması, inqilabın bir ölkədə ilişib qalması, vətəndaş müharibəsindən sonra fəhlə sinfinin sosioloji strukturunun dəyişməsi kimi amillər Stalinizmi yaradan şərtlərdir.

Yuxarıda misallarla izah etdiyimiz Böyük Rus Şovinizmi Qafqazda azadlıq və bərabərlik şəraitinin qarşısını aldı. Marks və Engelsin Kommunist Manifestində vurğuladıqları məsələni xatırlatmaqda fayda var:

“Bir fərdin digəri tərəfindən istismarı aradan qalxdığında, bir millətin digəri tərəfindən istismarı da aradan qalxacaq. Millətin öz içindəki siniflərin barışmaz ziddiyəti ilə birlikdə millətlərin bir-birinə düşmən münasibəti də azalır.”

Stalinist SSRİ dövründə sinfi ziddiyyətlər aradan qaldırılmamış, yeni hakim sinfin, bürokratiyanın möhkəmlənməsi ilə yeni istismar şəraiti mövcud olmağa davam etmişdir.

Lenin “Böyük rus şovinizmi” ilə “sosial milliyətçilik” arasındakı dialektik əlaqəni çox gözəl anlayırdı və sosial-millətçiliyə (əzilən millətin milliyətçiliyinə) qarşı mövqeyini nümayiş etdirərkən, Böyük Rus Şovinizminə münasibətini də çox aydın ifadə edirdi.

1920-ci il dekabrın 1-də Rusiya Kommunist Partiyasının Qafqaz üzrə direktoru Serqo Orconikidzenin sədrliyi ilə Azərbaycan, Ermənistan və Rusiya Kommunist Partiyası nümayəndələrinin iştirakı ilə iclas keçirildi. Orconikidzenin nəzarətində olan Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanov Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağ bölgələrini Ermənistana verməklə müsəlmanlarla ermənilər arasında tarixi münaqişəyə son qoyduğunu bəyan etdi. Leninin də xəbəri olduğu bu qərarın əsası o idi ki, o zaman Qarabağ bölgəsində çoxluq olaraq Erməni xalqı yaşayırdı, lakin Azərbaycan xalqının da mövqeyi nəzərə alınırdı. Xəritədən göründüyü kimi, ermənilərin çoxluq təşkil etdiyi ərazilər Ermənistana, tatarların çoxluq təşkil etdiyi ərazilər (o zaman müsəlman Azərbaycan xalqı belə adlandırılırdı) Azərbaycana verilmişdir. 1921-ci il iyunun 21-də Orconikidze mövzu ilə bağlı göndərdiyi məktubda Nərimanova xəbərdarlıq etmişdi ki, “Nə bir erməni şəhəri Azərbaycana, nə də bir müsəlman kəndi Ermənistana bağlanmalıdır”. (Barseqov 2008, s. 635)

Lakin 1921-ci il iyulun 5-də Stalinin müdaxiləsi ilə Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunda Kirov, Orconikidze və Nərimanovun iştirakı ilə keçirilən iclasda bir gündə fikir dəyişikliyi oldu. Dağlıq Qarabağ bu dəfə Azərbaycanın tərkibində muxtar vilayət kimi müəyyən edildi. Üstəlik, bölgənin sərhədləri çəkilərkən Dağlıq Qarabağın Ermənistanla fiziki əlaqəsini kəsmək üçün Laçın rayonu Azərbaycanın ixtiyarına buraxıldı.

Stalinin bu siyasətinin ən mühüm səbəblərindən biri o idi ki, o, Qafqaz xalqlarının azad və qardaşcasına birgəyaşayışının qarşısını almaqla Rusiyanı idarəedici mexanizma kimi görmək istəyirdi. Lenin Stalinin bu rəftarının tamamilə yanlış olduğunu düşünmüş və bu haqda belə demişdir:

“Birləşdirilmiş mexanizmanın tələb olunduğu deyilir. Bu inanc haradan gəldi? Bu, günlüyümdə bir az əvvəl qeyd etdiyim kimi, çar dövründən götürdüyümüz və sovet yağı ilə yağladığımız həmin rus aparatından gəlmirmi?

...

Düşünürəm ki, burada Stalinin o məşhur “sosial-millətçiliyə” nifrəti ilə yanaşı, tələskənliyi və xalis idarəçilik eşqi də ölümcül rol oynayıb. Ümumiyyətlə, siyasətdə nifrət ən alçaq şeydir”.

 Azərbaycan və Ermənistan xalqlarının könüllü və bərabər şəkildə qaynayıb-qarışması Stalinist bürokratiyanın maraqlarına uyğun deyildi. Stalinə görə, Azərbaycan Kommunist Partiyası və Ermənistan Kommunist Partiyası bütün digər KP-lər kimi “Böyük Vətən Rusiyanın” diplomatik münasibətlərində teatr kuklası kimi çıxış etməli idilər. Nəticədə “SSRİ” dörd böyük yalandan ibarət idi: Nə Sovet, nə Sosializm, nə Respublikalar, nə də İttifaq var idi.

Milli ziddiyətlər həll edilmədikdə, milliyətçiliyin yüksəlişi sadəcə kütləvi bir qığılcımın çıxmasını gözləyir. Bu qığılcım SSRİ-nin Şərq Blokunun nəzarətini itirdiyi və SSRİ-nin dağılmasının demək olar ki mütləq olduğu vaxtda çıxdı. 1988-ci ilə gəldiyimizdə, Stalinizmin mirası olaraq sosial dinamitin qoyulduğu etnik münaqişələr sahəsi indi partlamağa hazır idi.

 

1-ci və 2-ci Qarabağ müharibələri və müharibədən sonrakı vəziyyət

1988-ci ildə Dağlıq Qarabağın administrasiyasını təşkil edən Milli Şuranın erməni deputatları rayonun Ermənistana birləşdirilməsini tələb etdilər. Bu tələb həm Dağlıq Qarabağda, həm də Ermənistanda mitinq və kütləvi nümayişlərlə qarşılandı. Dağlıq Qarabağdakı “Qarabağ” və “Krunq” komitələri 1988-ci ilin əvvəllərində mitinqlərə, tətillərə başladılar. Buna cavab olaraq Azərbaycanın Sumqayıt rayonunda ermənilərə qarşı soyqırımı təşkil edildi. Rəsmi sənədlərə görə 26 erməni və 6 azərbaycanlı, qeyri-rəsmi sənədlərə görə isə 200-dən çox insan həlak oldu. Toplanan Dağlıq Qarabağ Muxtar Vilayəti səs çoxluğu ilə bölgənin Ermənistan Respublikasına keçməsini təsdiqlədi. Bu qərar Moskva və Bakının etirazı ilə qarşılandı. Buna cavab olaraq 1989-cu il noyabrın 26-da Azərbaycan SSR administrasiyası Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi və bütün idarənin Bakıya birləşdirilməsi barədə qərar qəbul etdi. Buna cavab olaraq, Qarabağın qanunverici orqanı olan Ermənistan Ali Soveti və Milli Şura 3 gün sonra bölgənin Ermənistana birləşdirildiyini bəyan etdi. 1991-ci ilin dekabrında SSRİ rəsmi olaraq dağılanda Dağlıq Qarabağda azərbaycanlı azlığın boykot etdiyi referendum nəticəsində ermənilər müstəqil dövlət qurmaq qərarına gəldilər. (1989-cu ildə 200 minə yaxın Dağlıq Qarabağ əhalisinin 77 faizini ermənilər, 23 faizini isə azərbaycanlılar təşkil edirdi). 1991-ci ildə silahlı qarşıdurmaların başladığı müharibə qanlı qırğınlar və toqquşmalarla davam etdi. 1994-cü il mayın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ və Rusiya hakimiyyətləri arasında Bişkek protokolunun imzalanması ilə atəşkəs elan edildi.

1994-cü ildə elan edilən atəşkəs vaxtaşırı pozulsa da, 2020-ci ilin sentyabr ayına qədər böyük müharibə baş vermədi. 2020-ci il sentyabrın 27-də 1-ci Qarabağ müharibəsindən sonra yaradılmış sərhəd xəttində toqquşmalar baş verdi. Toqquşmalar ilkin olaraq sərhəd xətti ərazisində baş versə də, Azərbaycan Ordusu tədricən irəliləyərək Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafındakı 7 rayonu əhatə edən bölgənin nəzarətini aldı. Ümumilikdə müharibə zamanı beş mindən çox insan həlak oldu. 2020-ci il noyabrın 9-da Şuşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdikdən sonra Paşinyan, Əliyev və Putin arasında atəşkəs sazişi imzalandı. 2020-ci il noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-da Dağlıq Qarabağda bütün münaqişələrə son qoyulduğu elan edildi.

Müharibə zamanı və müharibədən sonra erməni nifrəti və milliyətçilik Əliyev rejimi tərəfindən qızışdırıldı. İş yerləri, küçələr və məktəblər Əliyevin yumruğunu qaldırıb “Qarabağ Azərbaycandır” deyərkən çəkilmiş fotoşəkilləri ilə dolu idi. Qələbə eyforiyası içində olan Əliyev rejimi xalq arasında razılıq yaratmağa, konstitusionallığını möhkəmləndirməyə çalışırdı. Əliyevin zəfər ritorikasından qısa müddət ərzində kor-koranə məst olan xalq gözünü gündəlik ərzaq məhsullarının bahalaşmasına, neft ölkəsi Azərbaycanda neftin bahalaşmasına, qaz yataqları olan ölkədə qazın bahalaşmasına açdı. Müharibədən sonra hökumətin verdiyi vədləri yerinə yetirmədiyi üçün etiraz edən qazilər arasında kütləvi intihar dalğası yüksəldi. Ağır istismar şəraitini və korrupsiyanı qızışdırılmış milliyətçiliklə ört-basdır etmək istəyən Əliyev rejiminin müharibədən sonra bəhanələri bitmək üzərədir. Son aylarda Wolt və Bolt şirkətlərinin kuryerləri aşağı maaşlara etiraz olaraq bir neçə gün davam edən boykot elan etmişdilər. Boykotdan sonra Kuryer Birliyi İttifaqı yaradıldı və 50-yə yaxın kuryer sindikatlaşmış mübarizəyə başladı. Əliyev rejimi dövlətdən asılı olmayan, işçilərin mübarizəsini dəstəkləyən həmkarlar ittifaqı fəaliyyətinin formalaşmasından narahat və qorxu duyur. İşçilər arasında sindikatlaşmağı; işçilərin sinfi şüurunu inkişaf etdirərək əvvəlcə müdür, sonra dövlət və sistemə qarşı çıxılmasının qarşısını almaq üçün “dəmir yumruğunu” qaldırmışdır. Kurye Birliyi İttifaqı üzvü kuryer Orxan Zeynallı bu yaxınlarda evindən oğurlanaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib və daha sonra 30 sutka həbs cəzasına məhkum edilib. İttifaq rəhbərləri arasında olan Elvin Feyruzzadə və Afiəddin Məmmədov da rejimin polisləri tərəfindən ələ keçirilib. Elvin azad edilsə də, Afiəddin 30 sutka həbs edilib. Həmkarlar ittifaqı mübarizəsində iştirak edən digər işçilər Wolt şirkəti tərəfindən işdən çıxarıldı. Bu, Əliyevin işçi hərəkatının yüksəlişindən nə qədər qorxduğunun göstəricisidir. Milliyətçilik aldatması ilə işçiləri əvvəlki kimi sərxoş etməklə razılıq əldə edə bilməyəcəyini bilən Əliyevin tək çıxış yolu repressiya mexanizması və “dəmir yumruq” olaraq görünür.

 

Nəticə əvəzinə: Nə etməli

Nəticədə Azərbaycan qalib tərəf, Ermənistan isə uduzan tərəf kimi göstərilsə də, əsas vəziyyəti belə ümumiləşdirmək olar: Qalib tərəf imperialist struktur və yerli hakim siniflər, məğlub olan tərəf isə Azərbaycan və Ermənistanın əməkçiləridir. Azərbaycan işçilərinin təri üzərindən qazanılan vəsaitlər İsraildən, Türkiyədən və bir çox imperialist dövlətlərdən silah alımına, yenə Azərbaycan və Erməni xalqının qanı ilə boyanmış torpaqlar Azərbaycan və Türkiyə burjuaziyasının maraqlarına ayrılıb. Qarabağda açılan yeni şirkətlər bunun ən mühüm göstəricilərindən biridir. Azərbaycanla Ermənistan arasında müharibəyə son qoymağın, xalqların azad və qardaşcasına yaşamasının tək yolu Qafqaza sosialist xarakter verməkdir. Azərbaycanın və Ermənistanın işçi və əməkçilərinin yalnız bir xilas yolu var: proletar beynəlmiləlçiliyi əsasında qurulacaq Sosialist Qafqaz Federasiyası.

Azərbaycan inqilabçılarının qarşısında duran təxirəsalınmaz vəzifə öz hakim sinfinə, yerli burjuaziyaya və Əliyev rejiminə qarşı çıxmaqdır. Ekspansionizmə və imperialist müharibəyə qarşı mübarizə aparılmalıdır. Bazarlarını genişləndirmək üçün Qarabağdan istifadə edən Türkiyə burjuaziyası ilə müharibəni maddi-texniki, hərbi və maliyyə cəhətdən dəstəkləyən AKP( Adalet ve Kalkınma Partisi)-yə qarşı mübarizə aparılmalıdır. Milliyyətçiliyin bütün formalarına qarşı çıxmaq və milliyətçi ideologiya ilə mübarizə aparmaq lazımdır. Milliyətçilik üzərində ideoloji hegemonluğun formalaşması sinfi və sosialist ideologiyasının hegemonluğu ilə əvəz olunmalıdır. Müharibənin regionun sabitliyi üçün zəruri alət olması fikrinə də qarşı çıxılmalı, kapitalizm tarixin tozlu səhifələrinə məhkum olmadıqca müharibələrin daimi bir xarakterinin olduğu ortaya qoyulmalıdır. Daimi Müharibəyə qarşı Daimi İnqilab şüarından istifadə edilməli və dünya inqilabına doğru mübarizə aparılmalıdır.

Qarabağda vuruşan Azərbaycan və Ermənistan əsgərləri bu müharibənin irtica xarakterini anlamalı, silahlarını bir-birinə qarşı deyil, öz hakim siniflərinə yönəltməlidirlər. Hakim təbəqə şəhidlərə, qazilərə əhəmiyyət vermir. Onların qanı üzərində şirkətlər qurmaqla, qaz və enerji resurslarından istifadə etməklə öz maraqlarını qoruyur. Ona görə də Azərbaycan və Ermənistan əsgərlərinin tutacaqları şüar “əsl düşmən içəridədir” olmalı, silahlar Əliyev rejiminə, Paşinyan rejiminə və xalqlar arasında milliyətçiliyi qızışdıran imperialistlərə yönəldilməlidir.

Azərbaycan inqilabçılarının etməməli olduğu başqa bir səhv də mərhələli yanaşmadır. Diktator Əliyevə qarşı demokratik kapitalizm mərhələsi xətalı və yanlış bir anlayışdır. Əliyev diktaturasını devirmək yolunda burjuaziya ilə heç bir şəkildə əməkdaşlıq etmək lazım deyil. Kapitalizmin özünü qlobal şəkildə dominant sistem kimi təşkilatlandırması və inhisarçı imperializmin gec kapitalistləşmiş ölkələr üzərindəki təsiri nəzərə alındığında, burjuaziya artıq mütərəqqi və inqilabçı xarakter daşımır. Çünki burjuaziya Əliyev diktaturasının məhv olmasını istəmir, çünki Əliyev rejimi burjuaziyanın maraqlarını qoruyur. Əliyev rejimini işçi sinfi və gələcəkləri məhv edilən gənclər yıxacaq. İşçi sinfinin rejimi devirməsi və mütəşəkkil bir qüvvə kimi özünü dominant güc olaraq təşkilatlandırması ancaq avanqard partiyanın müdaxiləsi ilə mümkündür. Tarix boyu dünyanın bir çox yerindən nümunələr göstərir ki, işçi sinfi üsyan edib inqilab edəcək gücü yaratsa da, üsyanı inqilaba və iqtidara aparacaq partiyanın olmaması üsyanın əksinqilab tərəfindən alınmağına səbəb olub. “İnqilabın səsi” Azərbaycanda avanqard partiyanın olmaması həqiqətindən yola çıxılaraq yaradılıb. Paris Kommunasından, Oktyabr İnqilabından; Marks, Engels, Lenin və Trotski yoldaşlardan aldığımız ilham ilə Azərbaycan üçün yenidən sinfi mübarizənin vaxtıdır deyirik və təşkilatlanmağa çağırırıq: Təşkilatlanın və tarixin dəyişdirici qüvvəsinə qoşulun!

 

Yaşasın İnqilabçı Mübarizə!

 

Yaşasın Sosialist Qafqaz!

 

Zəfərə qədər Permanent İnqilab!