Kapitalizm və İncəsənət
Babək
1909-cu ildə Lenin "Proletari" qəzətində yazırdı:
“Burjua qəzətləri uzun müddətdir ki, həyəcanlı bir şəkildə Maksim Qorkinin Sosial Demokrat Partiyasından qovulduğu xəbərini yazır. "Proletari" qəzəti bu xəbərin doğru olmadığını bəyan edib, ancaq burjua mətbuatı bütün bunlara qulaqlarını tıxayaraq, öz dedi-qodusunu yaymağa davam edir."
Bəli, hələ 1909-cu ildən burjua mətbuatı heç bir incəsənət insanının öz başına siyasiləşməsini istəmirdi. Bu müstəvidə hətta yalan xəbər yaymaqdan belə geri durmurdu. Bəs burjua mətbuatının bu tarixi ənənəni bu günədək yaşatmaqda məqsədi nədir? Nədir düşmən sinfi buna vadar edən? Bəlkə onların bizim qarşımıza çıxarmağa incəsənət adamları yoxdur? Xeyr, qətiyyən belə deyil. Düşmən sinfin təbliğat maşını olan incəsənət adamları bəs deyincədi. Onların bəşəri yazıçıları, aktyorları, müğənniləri doğrudan da, hədsiz dərəcədə çoxdu. Bəs vəziyyət bu dərəcədə burjua mətbuatı üçün ürəkaçandırsa, niyə onlar hələ də sinfi şüuru mənimsəmiş incəsənət adamlarına qarşı belə kəskin münasibət bəsləyirlər? Biz yazımızda bu sualın cavabını axtaracağıq.
Azərbaycanın bugünkü idarə forması, dövlət aparatı və onun əmri altında çalışan minlərlə hökümət işçisi mütəşşəkil formada yeni bir tarix yaratmaq səyləri içindədirlər. Onlar “Əliyev Azərbaycanı” adlı yeni ölkənin 60-cı illərdən atılan təməllərini bərkitməklə məşğuldurlar. Əlbəttə, yeni ölkənin hər sahədə dəstəyə, tərəfkeşə ehtiyacı var. Yeni bir ölkə hər cəhətdən müdafiə edilməlidir. Onun sütünları şübhəsiz ki, əbədi, dönməz və sarsılmaz olmalıdır.
“Əliyev Azərbaycanının” əsas sütunlarından biri incəsənət xadimlərdir. Öz səltənətini uzun ömürlü etmək üçün incəsənət xadimlərindən istifadə edən, onları bu yolda qurban verən tək kapitalist hökümət Əliyevlər deyil. Bu əzəldən izlənən yoldur. Bəzi kəslər incəsənətin gücünü nə qədər inkar etsə də biz onun gücündən və təsir dairəsindən artıq xəbərdarıq. İncəsənəti siyasətdən ayırmaq olmaz. Onların gah uğurlu, gah da uğursuz dueti bəzən yaxşı, bəzən pis nəticələr verir. Əlbəttə bu “yaxşılıq və pislik” faktorları dövlət aparatının hansı sinfin əlinin altında olamasına görə dəyişir. Dövlət aparatının kimin əlində olması həmçinin daha əhəmiyyətli bir məsələni də özündə həll edir. İncəsənət əsərinin tanıdılması imkanlarını. Yenə Leninə baxaq:
“Tolstoyu Rusiyada belə az adam tanıyırdı. Onun əsas əsərlərinin həqiqətən hərkəsə çata bilməsi üçün, milyonlarla, onmilyonlarla insanı cahilliyə, katorqa məhkumluğuna və yoxsulluğa düçar edən sistemə qarşı dayanmadan mübarizə aparmaq lazım idi: sosialist inqilab lazım idi.”
Tamamilə doğru fikirdir. Lenin yuxarıdakı sətirləri artıq dünyanın tanıdığı Tolstoy üçün yazmışdı. İndi fikirləşmək vaxtıdır: Tolstoy kimi dahiliyi artıq müzakirə olunmayan bir şəxsin tanınırlığı hətta öz doğma vətənində belə müyyən çərçivəni aşmırdısa necə oldu ki, Sovet İttifaqı bu yazıçının nəşrində bu qədər maraqlı oldu? Məsələ kitabların yaxşı satılması idi? Mümkün deyil. SSRİ kitabları qəpik quruşa satdığı bəs deyilmiş kimi bütün klasikləri ən ucqar kəndlərdə dövlət səviyyəsində çatdırırdı. Cavab aydındır. Bu gün bizi sinfi ədəbiyyatı yaymaqla günahlandıranlar keçmişdə və indi öz maraqlarını yaymayan incəsənət xadimlərinə biganə yanaşırlar. Sovetin niyə Tolstoy adlı kontun heyrətamiz əsərlərini yaymaqda maraqlı olmasını isə gəlin Trotskinin qələmindən oxuyaq.
“Kommunist inqilabçı incəsənətdən qorxmur. Tənəzzül edən kapitalist cəmiyyətdə sənətkarın rolunun fərd və ona düşmən olan müxalif ictimai formalar arasındakı ziddiyyətlərin müəyyən etdiyni bilir. Təkcə bu fakt bunu dərk etdiyi dərəcədə sənətkarı inqilabın müttəfiqinə çevirir.”
Bənzərsiz tərif! Öz rolunu dərk edən incəsənət adamı çox keçmədən inqilabın müttəfiqinə çevrilir. Potensial müttəfiqlər inqilabın yalnız yol yoldaşı ola bilər.
Yazının ilk hissəsində bir sual vermişdik. O sualı təkrarlayaq və cavablayaq. Hakim təbəqə niyə sinfi şüuru formalaşmış sənət adamlarına qarşı öz arsenalı dolu olsa da döyüşmək əvəzinə xaincəsinə davranaraq onları aradan götürür, onlardan niyə bu qədər ehtiyat edir? Ona görə ki özündə yalnız irtica keçmişini əbədi mühafizə edən burjua sinfi inqilabi incəsənətdən qorxur. Onun kiçik bir qığılcımı onların qaranlıq dünyalarını işıqlandırmağa bəs edir. Bu işığın isə inqilab üçün mayak olacağı onların özünə də əyandır.