Burjuaziyanın tələsinə qarşı yaşasın bütün işçilərin yoldaşlığı! – Təşkilatlanmaq istəyən işçilərin xaricdən gətirilən işçilərlə əvəz edilməsinə dair İnqilabın Səsi Bəyanatı

Burjuaziyanın tələsinə qarşı yaşasın bütün işçilərin yoldaşlığı! – Təşkilatlanmaq istəyən işçilərin xaricdən gətirilən işçilərlə əvəz edilməsinə dair İnqilabın Səsi Bəyanatı

Son aylar baş tutan çatdırılma və taksi sektorundakı işçilərin birləşmək, həmkarlar ittifaqı quraraq təşkilati mübarizə aparmaq cəhdlərinə qarşı xaricdən gətirilən işçilərlə əvəz edilməsi gündəm mövzusu olmalıdır!

 

İnqilabın səsi olaraq bildiririk ki, pakistanlı, şri-lankalı və digər ölkələrdən işçi yoldaşların daha yaxşı həyat ümidi ilə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin qurbanı olması və bu üsulla ölkədə baş tutmuş tətillərin qarşısını alınmağa çalışılması qəbul edilməzdir. Bütün pozuntuların birbaşa günahkarı işçi istismarından əldə etdikləri gəlirlərin kiçik hissəsi ilə piarlarını aparan transmilli şirkətlər və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun kimi mürtəce aktları qəbul edərək şirkətlərə maksimum azadlıq verən, bir növ ölkəni xarici şirkətlərə peşkəş çəkən YAP burjua rejimidir.

 

Bəs bu qanun nədir?

 

20 oktyabr 2015-ci ildə ancaq notariat orqan kimi fəaliyyət göstərən burjua parlamenti tərəfindən qəbul  edilib, İlham Əliyev tərəfindən təsdiq edilən sözügedən qanuna əsasən istisnalar (vergi, gömrük auditi, dərman vasitələrinin keyfiyyəti yoxlamaları və s.) olmaqla sahibkarklıq fəaliyyətində yoxlamalar qadağan edilir. "Sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasını" hədəfləyən bu qanun işçi hüquqlarının müdafiəsini çətinləşdirməkdən başqa işə yaramır.

 

Bu qanun sayəsində işçi hüquqlarını müdafiə etmək üçün yaradılan  "Dövlət Əmək Müfəttişliyi" şikayət olmadan heç bir qurumu yoxlaya bilməz, yoxlasa da heç bir hüquqi nəticəsi olmaz. Əvəzində sahibkarlar işçiləri rahatlıqla istismar edib, şikayət etmək potensialı olan işçilərin gözünü qorxudaraq, şikayət edən işçilərin "qara piarını" apararaq fəaliyyətlərinə rahatlıqla davam edə bilirlər.

 

Nə etməli?

 

Həm beynəlxalq şirkətlərə, həm Azərbaycan hakimiyyətinə, yerli bürokratiya və burjuaziyaya  qarşı birlikdə mübarizə aparmalı! İşçilərin təşkilatlanması uğrunda vuruşmalı!

 

Xaricdən gələn işçi yoldaşlar da elə azərbaycanlılar kimi yaxşı güzaran ümidilə çalışırlar və bu torpaqlardakı nemətlər hamımızın yaxşı yaşamamız üçün bəs edər. Xaricdən gələn işçiləri də əsas düşmən olan yerli burjuaziyaya qarşı təşkilatlandırmaq zəruridir. Sərmayədarların yüzillərdir istifadə etdiyi bu metoda cavab fərqli millətlərdən olan işçilərin birləşməsi olmalıdır. Kapital sahibləri, həm işçilərin sinif şüurunu gerilətmək, həm də sinfi səbəblərdən əmələ gələn qəzəbin yanlış yerlərə ifadə edilməsi üçün bu strategiyadan istifadə edirlər. Burjuaziyanın işçi sinifini bölmək cəhdlərinə qarşı mübarizə apararkən burjuaziyanın illərdən bəri istifadə etdiyi millətçilik tələsinə düşməyərək düşməni aydın seçərək, birlikdə mübarizə aparmalı!

 

Yaşasın bütün işçilərin yoldaşlığı!